Milli Qəhrəmanla bağlı Baş prokurorluğa müraciət edildi

22 Yanvar 2013 13:20 (UTC+04:00)

Azərbaycanın Milli Qəhrəmanı, Goranboy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Maşallah Abdullayevi onu satmaqda ittiham edən qardaşı qızı Vüsalə Abdullayeva ilə bağlı Baş Prokurorluğa müraciət hazırlanır. Bu barədə məlumatı AzNews.az-a V.Abdullayevanın vəkili Ruslan Vəliyev verib.

Vəkil bildirib ki, məqsəd V.Abdullayevanın səsləndirdiyi ittihamlarla bağlı cinayət işinin açılmasının rədd olunması barədə qərarın ləğvinə nail olmaqdır: "Hazırda müvafiq sənədlər hazırlanır, yaxın günlərdə müraciət təqdim ediləcək. Ola bilsin ki, o zamanlar işə düzgün baxılmayıb, müəyyən qədər təzyiqlər olub".

İşə Goranboyda yox, Bakıda müvafiq instansiyalarda baxılmasına çalışacaqlarını deyən vəkil qarşı tərəfin onlarla əlaqə yaratmaq istəməsini də bildirib.

Qeyd edək ki, V.Abdullayeva əmisini onu Türkmənistana satmaqda ittiham edir. M.Abdullayev isə qardaşı qızının narkoman olduğunu bildirərək, hətta oğurluq etməkdə günahlandırır.

Elnur
AzNews.az