“The Times“ jurnalı: bp Azərbaycan hakimiyyətinə vəd verib

22 Yanvar 2013 13:36 (UTC+04:00)



bp-nin "Rosneft"lə yeni ittifaqı Britaniya şirkətinin Azərbaycandakı vəziyyətini təhlükə altına atıb. ANS PRESS-in məlumatına görə, "The Times" jurnalı yazır ki, elə şirkətin icraedici direktoru Bob Dadli də Bakıya bu məqsədlə gəlmişdi. Məqalə müəllifi Tim Uebb daha sonra yazıb ki, Dadli Bakıda keçirdiyi görüşlər zamanı Bakını əmin edib ki, şirkət Azərbaycana dair öhdəliklərini qoruyacaq.

Dadlinin Azərbaycana səfəri oktyabr ayında bp-nin 28 milyard dollarlıq payının TNK-bp və "Rosneft"lə birgə müəssisəsinə satışından sonra reallaşmışdı.

"SOCAR rəhbərliyi məsələ ilə bağlı öz narahatlğını ifadə edib. ARDNŞ bu sövdələşmənin Britaniya şirkəti vasitəsilə Kremlin dolayı yolla da olsa təsir etməsinə imkan verəcəyini hesab edir. bp Avropanın Rusiyadan qaz asılılığını azaltmaq üçün Şahdəniz yatağında çalışır", - deyə "The Times" Tim Uebb yazıb.

Məqaləni yazan müəllif IHS-ın enerji sahəsi üzrə analitki Endrü Neffa istinadla əlavə edib ki, Azərbaycanla "Qazprom" arasında Avropaya qaz nəql etmək üstündə rəqabət gedir: "Bp ilə Rusiya arasında istənilən razılaşmanı azərbaycanlılar belə qəbul edəcəklər".

Qeyd edək ki, Azərbaycanla bp münasibətlərinin gərginləşməsi sonuncunun neft hasilatını azaltmasına səbəb olmuşdu. Prezident İlham Əliyev yalan vədlər və ciddi səhvlərinə görə bp-ni tənqid etmişdi. Keçən ay isə bp SOCAR-la neft hasilatının artırılmasına dair razılıq əldə edib.