Rasim Balayev teoremi

22 Yanvar 2013 13:40 (UTC+04:00)


Son günlər sosial şəbəkələrdə Rasim Balayevin bir yeni şəklini gördüm, şəkildə müxtəlif cür cizgilər var, yorğunluq, təəssüf, çarəsizlik lövbər salıb simasında. Bəlkə də bu şəkil ayrı bir vaxt çəkilib, şad bir günündə. Nə olsun, nə vaxt və harada, necə çəkilməsindən asılı olmayaraq, olmuş və olacaqlar, Nəsimi demiş, insanın üzündə təcəlla edir.

Rasim Balayev bir neçə gün öncə qeyd etdi ki, katibi olduğu Azərbaycan Kinematoqrafçılar Birliyinin 30 min manat vergi borcu olub və bundan xəbərləri olmayıb, möhlət istəyirdi ki, ödənilsin. Sonra Vergilər Nazirliyinin qabağında Rasim Balayevi müdafiə aksiyası keçiriləcəyi xəbər verilirdi, sonra isə aktyorun istefa xəbəri yayıldı...

Xalq yazıçısı Anar və xalq artisti Fəxrəddin Manafov birmənalı şəkildə Rüstəm İbrahimbəyovun yanında qaldı.

Rasim Balayev isə bir neçə ay öncə sürətlə gedənlərin arxasınca tərəddüdlə getdi...

Bu "tərəddüd" sözü məni çox düşündür və burada insanın çeşidli duyğuları gizlənib. Tərəddüddə heç olmasa ümid var və bu dünyada tərəddüddən amansız heç nə yoxdur.
Rasimin gedişi çox maraqlıdı. Müsahibədə jurnalistin "Rüstəm müəllim sənə zəng edibmi" sualını Rasim Balayev belə cavablayır: "Telefonumu söndürmüşdüm, indi açdım, siz zəng elədiniz". "Telefonumu söndürmüşdüm" ifadəsi məni çox ağrıtdı. Əslində bu, Rasim Balayevin psixoloji vəziyyətini ifadə edən faktdır. Görən telefonu niyə söndürmüşdü? Görəsən, Rüstəm İbrahimbəyov ona zəng eləmişdimi və telefonu bağlı görəndə nə fikirləşmişdi?

Ötən həftə sosial şəbəkələrdə Rasim Balayevin istefası ilə bağlı "Nəsimi" və "Babək" filmlərindən fraqmentlər, şəkillər qoyuldu. İş elə gətirdi ki, 20 yanvar günü də telekanallarda da "Nəsimi" və "Babək" filmləri nümayiş etdirildi. Sanki bu günlər Babək və Nəsimi Rasim Balayevlə üz-üzə dayandı. Sənətkar üçün bundan ağır şey yoxdur. Babək əqidəsindən dönmür, son damla qanına qədər vuruşur, şəhid olur, amma onu yaradan aktyor çox acizdi. Nəsiminin dərisini soyurlar, ideyasından dönmür.

Mənim əsas fikrim elə bu paradoksal vəziyyətlə bağlıdır. Bəs Rasim Balayev bu rolları necə oynayıb? O, istedadlı aktyordur, oynadığı qəhrəmanlardan onu istedadı ilə üst-üstə düşən cizgilər olmalıydı və var ki, bu rolları çox gözəl oynayıb. Rasim Balayev yenə müsahibəsinin bir yerində qeyd edir ki, mən qəhrəman rolları oynamışam, mən qəhrəman deyiləm ki...

Əlbəttə, bu kinodur, kino ilə həyatın fərqini yaxşı bilirəm. Və Rasim Balayev istər kinoda, istərsə həyatda dövlətimizə, dövlətçiliyimizə bağlı bir insandır, onun qanunları ilə yaşayan sadə bir cəmiyyət adamıdır.

Rüstəm İbrahimbəyovun siyasi görüşləri ilə heç bir anlayışım yox. O nə deyib, nə deməyib, bundan da xəbərim yox. Və bilmək də istəmirəm. Mənim üçün ən çox maraqlı söndürülmüş telefon, tərəddüd və Rasim Balayevin Nəsimi və Babəklə üz-üzə dayanmasıdır...

Rasim Balayev belə qəhrəman obrazları yaratmasaydı, insanları bu qədər ağrıtmazdı, məncə.

Rasim Balayev böyük aktyordur, ağıllı insandır, onun bu istefa addımına da bir iradım yox, özü bilər, edibsə, demək düz eləyib, amma məncə, Nəsimi və Babək Rasim Balayevə rahatlıq vermir. Xalq bunları tutuşdura bilmir, ya da Babək və Nəsimidən nəsə azalır, nəsə düşür, itir.

Rasim Balayev axşam işdən gedib, səhəri bəyanat verib, Rüstəm İbrahimbəyov bəyanatı mətbuatdan oxuyub, Rasim Balayev telefonu söndürüb. Görəsən Rüstəm İbrahimbəyov Rasim Balayevə zəng eləyibmi? Bəlkə hə, bəlkə də yox...

Kaş, böyük qəhrəman obrazları (məhz qəhrəman) yaradan aktyor heç bir vəzifədə işləməyə. Elə sadəcə bir aktyor kimi qala.

Rasim Balayev vəzifədən getdi, görəsən Nəsimiyə, Babəkə xələl gəldimi?

Kaş gəlməsin!

/lent.az/