“EL” hərəkatının strukturları seçki dairələri üzrə yaradılacaq”

22 Yanvar 2013 16:04 (UTC+04:00)



"EL" hərəkatının işləri ilə daha çox politoloq Eldar Namazov məşğul olur, işlərə rəhbərlik edir, görüşlər keçirir. Prosesdə mən də varam, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, keçmiş deputat Gültəkin Hacıbəyli də var". İctimai Palatanın Koordinasiya Şurasının üzvü, politoloq Zəfər Quliyev yanvarın 22-də "Media forum" saytına belə deyib.

Zəfər Quliyev bildirib ki, İctimai Palata ilə yanaşı Ziyalılar Forumunda da təmsil olunur: "Yeni hərəkatın yaradılması məsələsini Ziyalılar Forumunun Koordinasiya Şurasında geniş müzakirə etmişik. Yekun qərara əsasən, Ziyalılar Forumu oktyabrda keçiriləcək prezident seçkisində namizədlə iştirak etməyəcək. Amma forum prezident seçkisinin azad, demokratik keçirilməsində maraqlıdır, bu yöndə çalışmağa hazırdır. Ona görə də Ziyalılar Forumu yeni hərəkatı dəstəkləyir. Forumda təmsil olunan şəxslərdən kimin imkanı varsa, yeni hərəkata kömək edir. Bununla bağlı qərarımız var.

Yeni hərəkatın platforması yazılır. Hərəkatın rəhbərliyində, təşkilat komitəsində kimlərin olacağı hələ dəqiqləşməyib. Amma hərəkata xeyli tanınmış ziyalı, ictimai xadim qoşulub. Hərəkatın təqdim olunması, cəmiyyətdə tanınması üçün ciddi və intensiv hazırlıqlar gedir. Yaxın on gündə təqdimat olacaq, ətraflı məlumat veriləcək".

Politoloqun sözlərinə görə, "EL" hərəkatının yaradılması seçki prosesinə yönəldilib, ona görə də qurumun strukturu seçkiyə uyğun olacaq: "Hərəkatın strukturları seçki dairələri üzrə yaradılacaq. Məqsəd seçkidə fəal iştirak etmək, insanları prosesə qoşmaqdır".

Zəfər Quliyev bildirib ki, yeni hərəkatın prezidentliyə namizədinin kim olması məsələsini müzakirə etməyiblər. Onun fikrincə, hərəkat elan olunmamış namizədlə bağlı müzakirələr aparmaq doğru deyil: "İlk növbədə hərəkat yaranmalı, cəmiyyətdə öz yerini tutmalıdır. Bundan sonra kimlərlə müttəfiqlik etmək, namizədin kim olması kimi məsələləri müzakirə etmək olar. Bizim məqsədimiz azad, demokratik, şəffaf seçkilərə nail olmaq, vəziyyəti dəyişməkdir. Ona görə də indiki mərhələdə namizəd məsələsi o qədər də önəmli deyil. Hələ seçkiyə xeyli vaxt var".

AzNews.az