Erməni alim Sarkisyanın mükafatından imtina etdi

23 Yanvar 2013 10:59 (UTC+04:00)

Erməni alim Arutun Karapetyan 2007-ci ildə aldığı prezident mükafatından imtina edib. Bu barədə o, Ermənistan prezidenti Serj Sarkisyana yazdığı açıq məktubunda bildirib.

Ermənistan Elmlər Akademiyasının əməkdaşı, baş elmi işçi olan A.Karapetyan məktubunda ona elmi fəaliyyətinə görə verilən prezident mükafatı laureatı titulundan imtina edərək, medal və pul mükafatını geri qaytardığını bəyan edib. Erməni alim Ermənistanda elm sahəsində neqativ halların baş verdiyini bildirərək, ölkədə kriminal-oliqarx sistemin bərqərar olduğunu vurğulayıb.

Elm sahəsində korrupsiyanın tüğyan etdiyini bildirən alim vəziyyətin ağır olduğunu qeyd edib. Onun fikrincə, ölkədə kriminal-oliqarx sistem elmi fəaliyyətə müharibə elan edib. Açıq məktubun müəllifi "Ermənistan elmi potensialını birdəfəlik itirə bilər, bunun əlamətləri artıq görünür" deyə bildirib.

Elnarə Əlosmanqızı
AzNews.az