ATƏT-in Bakı ofisi “Binə işi”ni nəzarətə götürür

23 Yanvar 2013 11:15 (UTC+04:00)



ATƏT-in Bakı Ofisinin nümayəndələri Binə Ticarət Mərkəzindəki aksiyada saxlanılan və barələrində 2 aylıq həbs-qəti imkan tədbiri seçilən ticarətçilərlə görüşməyi planlaşdırır. Bu barədə Modern.az saytına ATƏT-in Bakı Ofisinin mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov bildirib.

Onun sözlərinə görə, ATƏT nümayəndələrinin Kürdəxanı təcridxanasında saxlanılan şəxslərə baş çəkmək planları var. "Bizim nümayəndələrimiz onlarla görüşməyə çalışacaqlar".

Bununla yanaşı, beynəlxalq qurum Binə Ticarət Mərkəzindəki sahibkar etirazlarına hər hansı digər münasibət bildirmək niyyətində deyil. "Bu məsələ ilə bağlı hələlik hər hansı bir mövqeyimiz, şərhimiz yoxdur"-deyə R.Hüseynov vurğulayıb.

Xatırladaq ki, ötən həftə Binə Ticarət Mərkəzinin bir qrup icarədarı onlardan əlavə yerpulu tələb olunduğuna görə aksiya keçirib. Aksiyada 10 nəfər saxlanılıb, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə həmin şəxslərə cinayət işi açılıb və məhkəmənin qərarı ilə barələrində 2 ay həbs-qəti imkan tədbiri seçilib.

AzNews.az