Deputat sürücüsünün öldürdüyü qadının kimliyi bəlli oldu

23 Yanvar 2013 11:22 (UTC+04:00)
Bu gün millət vəkili Aydın Mirzəzadənin avtomobili tərəfindən törədilən yol qəzasında ölən şəxsin kimliyi bəlli olub. Hüquq mühafizə orqanlarından "Qafqazinfo"ya verilən məlumata görə, həmin şəxs 1955-ci il təvəllüdlü Cavadova Maria Hidayətovna olub.

Məlumata görə mərhumə Lökbatan qəsəbəsində yaşayırmış. O, Qobustan qəsəbəsində yaşayan anasına baş çəkmək üçün gedib və gecə onlarda qalıb. Səhər isə qayıdarkən məlum qəza baş verib.

Onun ailəsinin baş verən qəza ilə bağlı şikayətçi olmadığı bildirilir. Hadisədə deputatın sürücüsünün və ya piyadanın günahkar olması ilə bağlı hələlik hər hansı versiya irəli sürmək mümkün deyil. Məlumata görə bunu müəyyənləşdirmək üçün avtomobilin texniki ekspertizası keçiriləcək.

Hadisəni törədən millət vəkilinin sürücüsü Qocayev Faiq Əşrəf oğlu isə saxlanılmayıb.