Sergey Lavrovdan Qarabağ açıqlaması

23 Yanvar 2013 11:44 (UTC+04:00)




ATƏT-in Mİnsk Qrupunun həmsədrlərindən biri olan Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini davam etdirir". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin tənzimlənməsinə dair 2007-ci ildə sənəd hazırlayıblar: "Ermənistan həmin sənədi qəbul etdi. Lakin Azərbaycan tərəfi bildirdi ki, bu sənəd onları qane etmir. Daha sonra həmsədrlər 2009-cu ildə ikinci sənəd hazırladılar. Bu dəfə Ermənistan sənədi qəbul etmədi".

Sergey Lavrov Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin 10 görüşünün keçirildiyini xatırladıb: "Bu görüşlərdə Minsk Qrupunun həmsədrləri də iştirak edirdilər. Görüşlərdə Azərbaycan və Ermənistan prezidentlərinə ortaq məxrəcə gəlmək təklif olundu. 2011-ci ilin mayında "Böyük səkkizliyin" görüşündə ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatı qəbul olundu. Bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinə çağırış edildi. Prezidentlərin Kazan görüşündə isə 2007 və 2009-cu ildə hazırlanan sənədlərin son variantını qəbul etməyə çağırdılar. Lakin təəssüflər olsun ki, bu sənəd qəbul olunmadı. Çünki tərəflər razılığa gələ bilmədilər".

AzNews.az