Rusiya Dağlıq Qarabağa sülhməramlılar yeridir?

23 Yanvar 2013 14:21 (UTC+04:00)




Ermənistanın "News.am" saytı Rusiya mətbuatına istinadən Xankəndi aeroportu ilə bağlı məqalə yerləşdirib. Məqalədə Xankəndi aeroportu ətrafında yaranan məsələlərdən söhbət açılır. Məqalə müəllifi Rusiya əsgərlərinin Xankəndi aeroportundan havaya qalxacaq təyyarələri "qorumaq" bəhanəsilə Qarabağa yeridiləcəyini bildirir. Müəllif bunun üçün hüquqi bazanın da mövcudluğuna diqqət çəkir. "Artıq Rusiyanın başçılıq etdiyi KTMT ilə BMT arasında sülhməramlı əməliyyatların həyata keçirilməsinə dair razılıq əldə olunub. Ehtimal edilir ki, KTMT bu cür sülhməramlı əməliyyat bəhanəsi ilə qoşunlarını Dağlıq Qarabağa yeridəcək", - deyə məqalədə bildirilir. Yazıda Rusiyanın nüfuzlu "Nezavisimaya qazeta" nəşrinin şimal qonşumuzun Dağlıq Qarabağda müharibə ehtimalı ilə əlaqədar özünün və Cənubi Qafqazdakı müttəfiqinin hərbi gücünü artırdığını yazmasını da xüsusilə vurğulanır. Bundan başqa məqalədə artıq Qərb ölkələri ilə Rusiya arasında Xankəndi aeroportundan müştərik istifadəyə dair razılıq əldə edildiyi də qeyd edilir.

Azərbaycanlı siyasi icmalçılar da Rusiyanın Xankəndi hava limanı ilə bağlı məsələyə birbaşa müdaxilə etməsi ehtimalına fikir bildiriblar. Onlar ANS PRESS-ə açıqlamalarında KTMT ilə Qərb arasında aeroportdan birgə istifadə edilməsi barədə razılıq əldə edilməsi xəbərlərinə də münasibət bildiriblər:

Qabil Hüseynli: "Rusiya son zamanlar Azərbaycana qarşı xüsusi təxribatlar hazırlayır. Bu təxribatların bəziləri açıqdan-açığa, bəziləri isə gizləndə qurulur. Nəzərinizə çatdırım ki, yeni istifadəyə verilmiş Xankəndi aeroportundan artıq sınaq uçuşu da həyata keçirilib. Həmin uçuş zamanı təyyarəni Rusiyada dislokasiya edilmiş qırıcı təyyarələr müşayiət edib. Rusiya ümumilikdə bölgədə hərbi varlığını göstərmək üçün istənilən bəhanədən istifadə etməyə hazırdır. Mən Rusiyanın Xankəndi aeroportu ətrafında yaranan beynəlxalq qalmaqaldan isttifadə edərək Qarabağa sülhməramlılarını yerləşdirəcəyi versiyasına inanıram. Azərbaycan bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara şikayət etməlidir. Rusiyanın bu addımı açıq-aşkar beynəlxalq skandalla nəicələnə bilər. Bundan başqa bunu da unutmaq olmaz ki, Rusiya Qəbələ RLS-nə görə, Azərbaycanda qisas almağa başlayıb. Bu addımın da həmin qisas tədbirlərinin tərkib hissəsi kimi qəbul etmək olar. Rusiya Xankəndidən uçacaq təyyarələrin təhlükəsizliyi üçün addımlar atacaq. Bu şəksizdir".

Tofiq Abbasov: "İlk növbədə onu qeyd etmək istəyirəm ki, bu cür məlumatlar ilk növbədə Azərbaycanın hansı addımı atacağını müəyyənləşdirməyə hesablanıb. Qeyd etdiyiniz Rusiya mətbuatında yer almış material təxribat xarakterlidir. Bu cür xəbərlərlə Azərbaycanı tutduğu yoldan asanlıqla çəkindirmək mümkünsüzdür. Bu cür məlumatlarla regiondakı real vəziyyəti dəyişmək isə mümkün deyil".

Fikrət Sadıqov: "Burada məsələ tamamilə aydındır. Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında qanunsuz şəkildə hava limanı tikilərək onun istifadəyə verilməsinə eiraz edir. Bu bütün hüquqi prisiplərə uyğundur. Azərbaycan artıq Ermənistanın nazı ilə çox oynayır. Biz öz hava məkanımızı kənar qüvvələrdən müdafiə etməliyik və düşünürəm ki, edəcəyik də... Bunun KTMT-yə heç bir aidiyyəti yoxdur. O ki, qaldı Rusiyanın açıq şəkildə Dağlıq Qarabağa sülhməramlı qoşunlar yeritməsinə... Düşünürəm ki, Rusiya buna getməz. Baxmayaraq ki, Rusiyada bəzi şovinist qüvvələrin bu addım ürəyincə olardı".