Guya, lütün gözünə yuxu gedirmiş...

23 Yanvar 2013 14:27 (UTC+04:00)


Yaxşı vətəndaş öz dövlətinin verdiyi bütün məsləhətlərə əməl etməlidir. Belə vətəndaşlara həmçinin, qanunpərəst, xarici imperialist qüvvələrin dəyirmanına su tökməyən vətənpərvər insanlar da deyilir. Bu mənada Sovet dövründə daha yaxşı vəziyyət vardı, məsələn, adamlar pambıq, üzüm yığımı mövsümündə heç evlənə bilmirdilər. Dövlət məsləhət bilmirdi, deyirdi, gedin məhsulu yığın, sonra toy eləyin, gərdəyə girin.

Ancaq indiki şəraitdə də hökumətimiz xalqdan faydalı məsləhətlərini əsrgəməməyə çalışır. Belə lazımdır, çünki tarixən sübut olunubdur, xalqı özbaşına qoysan ya demokratiya qurar, ya da Keçələ qoşular. (Keçəli hamınız yaxşı tanıyırsınız, bu, hər Novruz bayramında hörmətli cənab prezidentlə yumurta döyüşdürən, ali yumurtamızı sındırmağa çalışan mənfi tiplərdən biridir).

Məsələn, Fövqəladə Hallar Nazirliyinin saytında əhali üçün konkret məsləhətlər yazılıbdır. Bunlardan birində deyilir ki, əgər vulkan püskürməyə başlasa maşını qaraja salın, özünüzlə 3-5 günlük yemək ehtiyatı götürün. Qoy 4-5 min ildən sonra sizi lavanın altından qazıb çıxardanda desinlər ki, Azərbaycanda xalq yaxşı yaşayırmış, maşınları və yeməkləri var imiş. Kimin maşını yoxdursa, qaçsın.

Orda ən yaxşı məsləhət isə çovğun şəraiti üçün yazılıb. Sitat: "Əgər güclü çovğun haqqında məlumat almısınızsa, qapı və pəncərələri, çardağın qapılarını və nəfəslikləri bağlayın. Pəncərələrin şüşələrini kağız lent ilə yapışdırın. İki günlük su və ərzaq, dərman ehtiyatı, özü işıqlandırıcı vasitələr (fənər, ağ neft lampası, şam və s.) tədarükü görün, səyyar plitələr, batareya ilə işləyən radio qəbuledicilər hazırlayın. Eyvan və pəncərələrdə küləyin sovura biləcəyi əşyaları götürün.
Radio və televizoru açın, ola bilsin yeni məlumat daxil olsun. Elektrikin kəsilməsinə hazır olun". Nə gözəl... Evdə bu qədər var-dövlət olsa, çovğundan niyə qorxuruq? Burda mənə ən xoş gələn "ola bilsin televiziya məlumat verər" hissəsidir. Sanki FHN boynuna alır ki, bizim televiziyalar yerli çovğunlara toxunmurlar, bunların işi-gücü İndoneziyada daşqınlar, Hindistanda uçqunlar haqda danışmaqdır. Bir məsələni isə heç cür anlaya bilmədim: niyə vulkan olanda 3-5, çovğun olanda isə 2 günlük yemək və su ehtiyatı götürülməlidir? Vulkan və çovğun eyni gündə olsa xalq bir həftəlik yemək yığmalıdırmı? Bunlar vacib detallardır. Söhbət xalqın taleyindən gedir.


Atalarımız demişkən, məsləhətli don gen olar. Ancaq bugünlərdə dövlət informasiya agentliyi AzərTAc-ın dərc elədiyi bir məsləhət janrında xəbər bu ata sözümüzün tam əksidir. Xəbərdə xalqa... ümumiyyətlə don geyinməmək təbliğ edilir. Yazmışdılar ki, sən demə yatanda tamam lütlənmək lazımdır, bu, sağlamlıq üçün çox vacib imiş. Bədən temperaturu normada qalırmış, insan kökəlmirmiş, boy uzanırmış, dəri bərpa olunurmuş (hansı dəridən söhbət gedir, düzü başa düşmədim – görünür bu, yatmamışdan qabaq dərisi hökumət tərəfindən soyulanlara aiddir), yuxu rahat olurmuş və sairə. O qədər müsbət zadlar yazmışdılar... Bircə qalırdı qeyd eləsinlər ki, bu vəziyyətdə yatan adam yuxuda Merilin Monro ilə birgə YAP-ın Masallı rayon təşkilatının iclasında iştirak edir.

Rəhmətliyin uşağı, camaat soyuqdan palto ilə yatır, necə lütlənsin? Ağlınız özünüzə getməsin, bizim ciddi qızınmaq problemlərimiz vardır. Həm də bu, FHN-in məsləhətlərinə ziddir, birdən yatdığın yerdə otaqdan vulkan püskürdü, lüt durub maşını qaraja salmağa getməyəcəksən ki? Biz qəti tələb edirik ki, dövlət AzərTAc-ın lüt yatan əməkdaşları haqda ciddi tədbirlər görsün. Dövlətçiliyimizə yaraşmayan haldır. Bəlkə səni gecə zəng vurub qəfildən hansısa dövlət əhəmiyyətli tədbirdən, məsələn, Məmməd Məmmədov küçəsi ilə Əhməd Əhmədov küçəsinin kəsişməsindəki səkinin açılışından reportaj qayırmağa çağırdılar, çatdırıb paltarı geyinə bilmədin? 21-ci əsrdə, analoqu olmayan inkişafımız tələb edir ki, hər bir yatmış azərbaycanlının əynində ən azı 1 ədəd tuman olmalıdır.

Açığını deyim, mən Sovet dövrü üçün çox darıxıram. O vaxt məsləhəti adətən qısa, konkret yazırdılar. Məsələn, belə: "Əl vurma, öldürər!" İndi dövlət bir dastan söz yazır, yenə camaat başa düşmür. Ya da başa düşməsi çətin olur.