Kəbirə Məmmədova vergidən bir milyard gizlədib - İTTİHAM

23 Yanvar 2013 14:33 (UTC+04:00)


Moderator.az saytına açıqlama verən hüquq müdafiəçisi Vidadi İsgəndərli "Binə" Ticarət Mərkəzində baş verən olaylarla bağlı sensassyon bəyanat səsləndirib. Tutulanların hüquqlarının müdafiəsi komitəsində təmsil olunan V.İsgəndərli bu açıqlamasında proseslərin gələcək inkişafı ilə bağlı da proqnozlarını səsləndirib.

"Müdafiə komitəsində siyasi partiya təmsil olunmayacaq"

V.İsgəndərlinin sözlərinə görə, Binə olaylarında tutulanlarla bağlı təmsil olunan komitədə siyasi partiyaların iştirakı təmin edilməyəcək: "Dünən vəkil Xalid Bağırovun və mənim təşəbbüsümlə mətbuat konfransı keçirildi. Ora sahibkarlar da, partiya nümayəndələri də, KİV təmsilçiləri də gəlmişdi. Mətbuat konfransında belə qərara gəlindi ki, sahibkarların müdafiə komitəsi yaradılsın. Azərbaycandakı bütün tanınmış şəxsləri, ziyalıları bura cəlb etmək niyyətindəyik. Lakin qərara gəldik ki, problemi siyasiləşdirməmək məqsədilə siyasi partiyalar bu komitədə təmsil olunmasın. Amma QHT-lər, hüquq müdafiəçiləri, sahibkarlar bu komitədə təmsil oluna bilər".

"Həbs olunanlar siyasi məhbuslardır"

Hüquq müdafiəçisi həbs olunanların siyasi məhbus olduğunu vurğuladı: "Biz sona qədər sahibkarların hüquqlarını müdafiə edəcəyik. Mən bir hüquq müdafiəçisi kimi onlar həbs edilən gündən bu insanları potensial siyasi məhbus hesab etmişəm. Bir çoxları elə bilir ki, siyasi məhbus siyasətlə məşğul olan adamlara şamil edilir. Halbuki, bu yanlış yanaşmadır. Siyasi məhbus anlayışı var. Orda tutulanlardan biri həmin vaxt prezident İlham Əliyev cənablarına müraciət edir və bildirir ki, rüşvətxorluq onları boğaza yığıb, artıq belə yaşamaq mümkün deyil və s. Həmin şəxs də həbs edilib".

"Hakimiyyətdə dialoq sözü yoxdur"

V.İsgəndərlinin qənaətincə, hakimiyyət etirazçılarla anlaşmaqdansa, onlara təzyiq göstərməyi daha məqbul hesab edir: "Onlar əllərinə keçən hər kəsi tutdular, həbs qəti-imkan tədbiri seçdilər ki, Azərbaycanda baş qaldıran üsyanların qarşısını alsınlar. Bu hakimiyyətdə dialoq sözü yoxdur. Bu hakimiyyət yalnız zor üzərində qurulub. Baxın, məgər Quba hadisələrində, dindarlarla bağlı hadisədə, 2 aprel olaylarında, əsgər ölümü ilə bağlı keçirilən aksiyalarda belə olmadımı? Bunların hamısı eyni ssenaridir. Sadəcə olaraq, hakimiyyət xalqın sözünə qulaq asmaq istəmir".

"Ordumuz güclüdür, amma bizə qarşı döyüşür"

Hüquq müdafiəçisinin bildirdiyinə görə, Azərbaycanda ordu və polis sisteminin inkişafı danılmaz olsa da, bu qüvvələr düşmənə qarşı deyil, xalqa qarşı yönəlib: "Hakimiyyət doğrudan da güclü bir ordu yaradıb. Lakin təəssüflər olsun ki, bu güclü ordu və polis düşmənə – erməniyə qarşı deyil, xalqa qarşıdır. Ordu və polisin həddindən artıq güclü olduğu etiraf olunmalıdır. Onların geyimi də, silahları da dünyanın ən aparıcı, ən müasir ölkələrindəki kimidir".

"Həbslər davam edəcək"

V.İsgəndərli Binə olayları ilə bağlı həbslərin davam edəcəyini bildirdi: "Düşünürəm ki, həbslər davam edəcək. Həbslərdən sonra Binə və Sədərəkdəki sahibkarlara xox gələrək onları qorxudub ordakı sahibkarlardan külli miqdarda pul alacaqlar. Quba olaylarında mən həmin hadisələrdə iştirak edən bir çox şəxslə bir yerdə idim. Onlar mənə yalvararaq deyirdilər ki, Vidadi müəllim,

bizim məsələni ictimaiyyiləşdirmə, biz canımızı pul verib qurtarmaq istəyirik. Bu hakimiyyətlə başqa cür mümkün deyil. Bir parça çörək üçün rüşvətxor və korrupsionerlərə qarşı qaldırılan qiyamın nəticəsinə baxın? Onlar nə istəyirdi ki? Onlar istəyirdi ki, övladlarına çatacaq bir tikə çörəyi əllərindən almasınlar".

1 milyardlıq mənimsəmə

Hüquq müdafiəçisinin sözlərinə görə, 20 ildir ki, Binə və Sədərək Ticarət Mərkəzləri vergidən yayınır: "20 ildir ki, orada kassa aparatı yoxdur. 20 ildir ki, vergi yoxdur. Mənim apardığım hesablamalara görə bu dövr ərzində Binə və Sədərək Ticarət Mərkəzlərindən bir milyard manatdan çox pul mənimsənilib".

"Tutulanlara işgəncə verilir"

Hüquq müdafiəçisi hakimiyyətin həbslərlə xalqı qorxutmağa çalışdığını qeyd etdi "Baş verənlər həbs olunmayanları qorxutmaq məqsədi güdür. Bu, həbs olunmayan sahibkarlara da bir mesajdır. Bu o deməkdir ki, əgər ayağa qalxsanız, sizi də tutacayıq. Bu insanlar tutulandan sonra onlara işgəncə verirlər. Mən Azərbaycandakı türmələri konslager adlandırmışam. Prokurorluq ancaq hakimiyyəti qorumaq məqsədi güdür. Məhkəmə və penitensiar xidmət də buna xidmət edir. Bir sözlə, hər şey hakimiyyətə məxsusdur. Biri həbs edir, digəri qanunsuz hökm verir, digəri isə cəza verir. İnsanları qorxu içində yaşatmaq üçün həbsləri davam etdirəcəklər".

Prezidentə səslənirəm

V.İsgəndərli sonda ölkə başçısına da müraciət ünvanlandırdı: "Mən buradan ölkə başçısına müraciət edirəm. Xalqın səsini eşitmək lazımdır. Ticarət mərkəzlərində vergi, polis və prokurorluq orqanlarının törətdiyi çox ciddi cinayətlər var. Bu insanlar 20 ildir ki, polisə, prokurorluğa, vergiyə rüşvət verir. Onların canı boğazına yığılıb. Bəlkə artıq bu barədə düşünəsiniz cənab prezident?"