Qazax kəndliləri ATƏT nümayəndələrini niyə tənqid etdi?

23 Yanvar 2013 14:46 (UTC+04:00)



Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndinin 2,5 km şərq istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeniy Şarov keçirib.

Monitorin iştirakçıları Qazax rayon İcra Hakimiyyətində olublar. Onları qəbul edən icra başçısı Ayaz Əsgərov mövcud vəziyyəti onlara danışıb. İcra başçısı bildirib ki, ermənilər mütəmadi olaraq kəndi güllə atəşi altında saxlayır. Sakinlərin həyatı hər an təhlükə altındadır.

Bundan sonra nümayəndə heyəti kənd sakinləri ilə də görüşüblər. Kənd sakinləri də öz növbələrində ATƏT nümayəndələrinə atəşkəsin mütamadi pozulmasından şikayətləniblər. Bundan əlavə kənd sakinləri ATƏT nümayəndəliynin fəaliyyətinin nəticəsizliyindən şikayət ediblər. Sakinlər bildiriblər ki, keçirilən monitorinqlər nəticəsiz qalır.

Qeyd edək ki, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Xristo Xristov və şəxsi köməkçisi Uilyam Prayor keçirəcəklər.

AzNews.az