AŞPA-nın AŞ PAYI

23 Yanvar 2013 22:37 (UTC+04:00)
Fazil Mustafa

AŞPA-nın Azərbaycanla bağlı gərgin kəçən iclası yarım saat öncə başa çatdı. Monitorinq Komitəsinin Qətnaməsi böyük səs çoxluğu ilə qəbul olundu. Burada Azərbaycanla bağlı kifayət qədər tənqidi məqamlar var və Azərbaycan hakimiyyəti nəzərdə tutulan iradları ortadan qaldırmağa səy göstərməlidir. Çünki beynəlxalq təşkilatlarda hər dəfə Azərbaycan məsələsinin müzakirəyə çıxarılması ölkə haqqında müsbət təsəvvürlər yaratmır. Xüsusilə də siyasi və iqtisadi azadlıqlar sahəsində görüləcək xəyli işlər mövcuddur.

Siyasi məhbuslarla bağlı alman sosial-demokrat Ştrasserin hazırladığı sənəd isə 125 əleyhinə, 79 lehinə qəbul olunmadı. Əslində bu qətnamədə olan məsələlər Monitorinq Komitəsinin Qətnaməsində yer aldığından və Ştrasserin təqdim etdiyi siyahının yetərincə əsaslandırılmış olmamasından bu cür nəticə ortaya çıxdı. Burada bir haşiyə çıxmaq vacibdir ki, İspan millət vəkili, Monitoring Komitəsinin həmməruzəçisi Aqramunt, Ştrasseri xüsusi canfəşanlıqla müdafiə edən ermənilərə işğalçı olduqlarını və Azərbaycan ərazisinin onlar tərəfindən işğal olunduğunu bir neçə dəfə məqsədyönlü şəkildə açıq çağırışla söylədi.
Bütün hallarda bu müzakirələr göstərdi ki, ölkədə insanlarımızda inam yaradacaq demokratik islahatlar aparılmasa beynəlxalq arenada daim gərginlik içində olacaq və pis oxuyan məktəbli kimi vaxtaşırı danlanacağıq.

Facebook