SOS! Vəhabilər rus qızlarından “canlı bomba” hazırlayır

24 Yanvar 2013 11:00 (UTC+04:00)


Vəhabiliyi qəbul etmiş rus qadınlarının sayı artır. AzNews.az "Большой Кавказ" saytına istinadən bildirir ki, ekspertlər son illərdə Rusiyada vəhabiliyə meyl edən qadınların sayının artdığını bildirərək həyəcan təbili çalırlar. "Rus qızların islamlaşması əsasən Rus Provoslav Kilsəsinin və məmurların pis fəaliyyətinin nəticəsidir. Onlar rus gəncliyinə yetərincə diqqət ayırmırlar". Bunu deyən Şimalı Qafqaz İslam Araşdırmaları Mərkəzinin direktoru Ruslan Qereyevin sözlərinə görə, Rusiyada insanlar mənəvi-dini cəhətdən aşınmaya məruz qalıblar: "Buna görə də ruslar birinci olaraq alkoqolizmə, narkomaniyaya, dini sektalara meyl edir, radikal islam virusuna yoluxurlar. Bu rus qızlarını camaatlara itələyir, onları "canlı bombaya" çevirir. Nə qədər ki, cihad tərəfdarlarının rus qızları ilə bağlı planları davam edir, belə qızların sayı artacaq".

Məqalədə o da vurğulanır ki, son zamanlarda terror aksiyalarını vəhabiliyi qəbul edən rus qadınları həyata keçirir:

"Artıq rus qadınları vəhabi terrorlarının sifətinə çevrilir. 2011-ci ildə bu üz Mariya Xoroşeva idi. O, Dağıstanda milis məntəqəsini partlatmışdı. 2012-ci ildə isə bu missiyanı Alla Saprınkina Şeyx Səid əfəndini öldürməklə üzərinə götürdü. 2013-cü ilin əvvəlində isə Alena Bıkova meydana çıxdı. 19 yaşlı bu qız heç nəyi partlada bilməsə də, az təhlükəli olmayan işlə məşğul oldu. Sosial şəbəkələrdə rus qızlarını islamı qəbul etməyə çağırdı. Bunlara nəzər yetirilərsə, aydın şəkildə görünür ki, vəhabilərin rus qızları ilə bağlı xüsusi planları var".

Məqalədə o da vurğulanır ki, rus vəhabi qadını təkcə zombiləşdirilmiş kukla deyil. O, təkcə partlatmağı bacarmır, həm də Rusiyada bütün millətlərdən olan qızlar arasında vəhabiliyin təbliğatçısına çevrilir.

"Məni, mənim rus hakimiyyətim, rus atalar və analar satıb. Onlar səni də satıblar. Həyatın əsl məqsədi birdir - Allah yolunda cihad. Və cənnət bağçaları" - deyə vəhabi Mariya Xoroşeva sosial şəbəkələrdəki təbliğatında bildirmişdi.

"Bu dünyaya nifrət etmək lazımdır. Öz işini gör və dua et ki, tezliklə cənnətə düşəsən" - deyə Mariya Xoroşeva başqa bir rus "bacısına" söyləmişdi. Həmin rus "bacı" vəhabi ərindən hamilə olduğuna görə, özünü partlatmaq fikri ilə razılaşmırdı. M.Xoroşevanın bu fikirləri təbliğ etməsində isə mücahid həyat yoldaşı Vitali Razdobudkonun təsiri rolu az olmayıb.

"Camaatda ruslar və qeyri-ruslar yoxdur, orada ancaq əqidə "bacıları" var. Ancaq rus qadınlar fəallıqları ilə daha çox seçilirlər. Əgər rus "bacı" şəhid olursa, bu, onun haqqında belə deyilir: "Bizim rus "bacımız" Allah yolunda şəhid oldu. Qızlar onun hərəkətini davam etdirmək istəyirlər".

Elnarə Əlosmanqızı
AzNews.az