“Kəbirə Məmmədovaya cinayət işi açıla bilər”

24 Yanvar 2013 15:02 (UTC+04:00)




"Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovaya qarşı cinayət işi açıla bilər". Bunu Modern.az-a iqtisadçı ekspert Rövşən Ağayev deyib. O bildirib ki, situasiyadan asılı olaraq rəhbərliyə qarşı cinayət işi açıla bilər. Ekspertin sözlərinə görə, ticarət mərkəzində sahibkarlarla rəsmi müqavilə yoxdursa, bütün vergi məsuliyyətini rəhbərlik daşıyır. Belə olan halda rəhbərliyə vergidən yayındığına görə, cinayət işi açıla bilər.

İqtisadçı bildirib ki, əsas məsələ sahibkarlarla icarəçi arasında leqal müqavilələrin olmasıdır. Birinci olaraq bu məsələ aydınlaşdırılmalıdır ki, Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova və ya onun şirkətinin sahibkarlarla müqaviləsi varmı, ya yox?

Ekspertin dediyinə görə, fərdi müqavilə yoxdursa, deməli, sahibkarın fəaliyyətinin leqallığını sübut edən heç nə yoxdur:

"Topdan və pərakəndə satış bazarında olan insanlar qeyri-rəsmi şəkildə müqavilə bağlayıb qeyri-rəsmi ödəniş edirlərsə, bunlar heç bir yerdə uçota alınmır. Rəsmi müqaviləyə əsaslanmadığından sahibkar faktiki olaraq oradakı işçi hesab olunur. Belə olan halda isə bütün vergi ödəmələrinin məsuliyyətini rəhbərlik daşıyır. Əslində isə sahibkarın qanuni fəaliyyətini göstərən iki cür sənəd olur. Öz mülkiyyətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və yaxud başqasının mülkiyyətində, icarə müqaviləsi ilə sahibkarlıqla məşğul olmaq. İkinci halda sahibkar həm icarə haqqını ödəyir, həm də vergi verir. Qarışıq məqam ondan ibarətdir ki, "Binə"də sahibkarlarla icarə müqaviləsi bağlanıb, ya yox? Eyni zamanda icarə müqaviləsini bağlayan şəxsin özü vergi ödəyirmi? Vergi qanunvericiliyinə görə, hər hansı bir ərazini, mağazanı, sahəni icarəyə verən icarəçinin özü də dövlət büdcəsinə icarə məbləğinin 14%-i məbləğində vəsait ödəməlidir. "Binə" sahibkarları ilə bağlı qalmaqal yaranan gündən mən eşitməmişəm ki, icarəçinin vergidən yayınıb-yayınmaması məsələsi müzakirə edilsin. Kəbirə Məmmədova sahibkarlardan aldığı icarə haqqına görə vergi ödəyirmi? Əsas məsələ budur, bu aydınlaşdırılmalıdır. Həmin ticarət mərkəzində 5000 manata icarəyə verilən mağazalar var. Belə mağazaya görə dövlət büdcəsinə hər ay 700 manat ödənməlidir. Ərazini icarəyə götürən şəxslərin özləri də azad sahibkar kimi vergidə qeydiyyata durmalı, öz dövriyyəsinə uyğun və qanunvericiliyin tələbinə görə vergi ödəməlidir".
Ekspert deyir ki, əgər qeyri-rəsmi vergi münasibətlərindən söhbət gedirsə, o zaman həmin rəhbərlik məsuliyyət daşıyır.

"İki halda məsuliyyət daşıyır: icarəyə görə vergi və satış dövriyyəsinə görə vergi ödəməlidir. Bu məsələdə hökuməti də qınayan ekspert qeyd edib ki, zamanında "Binə"də çalışan sahibkarla qarşı böyük haqsızlıqlar olub".

R.Ağayevin sözlərinə görə, həmin ticarət mərkəzində 4000-5000 manata icarəyə verilən mağazalar var. Bu, həddindən artıq fantastik rəqəmdir. İqtisadçı onu da bildirib ki, buna hökumət şərait yaradıb:

"Özünə sahibkar deyən adama böyük bir ərazi ayırıblar və o, insanları məcbur edir ki, bahasına mağaza alsın, yaxud icarəyə götürsün. 30-40 hektarlıq ərazinin mülkiyyət hüququ, məsələn, Kəbirə Məmmədova kimi birinə məxsus olur. Arxasında məmurlar dayandığından o, icarə haqqının məbləği ilə bağlı diktə etmək imkanı qazanır".

"Hökumətin səhvi ondan ibarətdir ki, sahibkarların özlərinin mülkiyyət hüququnu tanımır" deyən Rövşən Ağayev bildirib ki, hökumət xüsusi xətt seçə, böyük bir ərazini dövlət torpağı kimi ayıra, orada ticarət mərkəzi tikə, tender elan edə bilər. İqtisadçının sözlərinə görə, böyük nizamnamə kapitalı olan hansısa şirkət tenderi udub ticarət mərkəzi inşa edər, mağazalar sahibkarlara icarəyə deyil, mülkiyyətə verilərdi. Əgər bu gün "Binə"də çalışan sahibkarın öz mülkiyyətində olan mağazası olsaydı, bu problemlərin heç biri yaşanmayacaqdı. Yəni onlar böyük məbləğdə icarə haqqı ödəməyəcək, vergidən yayınmayacaqdı.

Qeyd edək ki, ötən gün vergilər nazirinin birinci müavini Natiq Əmirov "Binə" və "Sədərək" Ticarət Mərkəzlərində kassa aparatlarının quraşdırılması ilə əlaqədar sahibkarların etirazlarının səbəbini bazar rəhbərliyinin sahibkarlara düzgün izahat verməməsi ilə izah edib.

AzNews.az