YAP gəlirini açıqladı

24 Yanvar 2013 17:04 (UTC+04:00)



Partiyadan verilən məlumata görə, iclasda YAP-ın 2012-ci ildə fəaliyyətinə dair hesabatı, maliyyə hesabatı, o cümlədən Qadınlar Şurası və Gənclər Birliyinin statistik hesabatları müzakirə və təsdiq edilib.

İdarə Heyətinin iclasında qeyd olunub ki, hesabat ilində YAP-ın ictimai-siyasi proseslərə təsir imkanları xeyli genişlənib, cəmiyyətdəki aparıcı mövqeyi daha da möhkəmlənib və beynəlxalq nüfuzu yüksəlib. Partiyanın beynəlxalq əlaqələrinin inkişafına xüsusi diqqət yetirilib, xüsusilə, Avroatlantik məkanda Avropa Xalqları Partiyası (EPP) və Asiya qitəsində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) ilə münasibətlər ardıcıl olaraq yüksələn xətt üzrə inkişaf edib. İclasda bildirilib ki, 2012-ci ildə YAP-ın sıralarına 37 854 nəfər yeni üzv qəbul olunub. Onlardan 20 min nəfərdən çoxu gənclərdir. Hazırda partiyanın 7573 ilk təşkilatında qeydiyyatda olan partiya üzvlərinin ümumi sayı 591 355 nəfərə çatıb.

İdarə Heyətinin iclasında həmçinin partiyanın 2012-ci il maliyyə hesabatı təsdiq edilib. Bildirilib ki, 2012-ci ildə partiya üzvlük haqlarından partiya büdcəsinə 5 mln. 389 min 557 manat daxil olub. Daxil olmuş vəsaitin 2 mln. 969 min 702 manatı əmək haqlarının ödənilməsinə, 1 mln. 98 min 855 manatı müxtəlif xarakterli partiya tədbirlərinin, o cümlədən üç beynəlxalq tədbirin maliyyələşdirilməsinə, 198 min manatı ezamiyyə xərclərinə, 250 min manatı təsərrüfat inventarlarının, texniki avadanlıqların və nəqliyyat vasitələrinin alınmasına, 145 min manatı nəqliyyat vasitələrinə texniki xidmət və yanacaq xərclərinə, 268 min manatı cari təmir işlərinə, 73 min manatı çap işlərinə, 387 min manatı kommunal, icarə haqqı, rabitə xərcləri, bank xidməti, dəftərxana və s. istiqamətlərə sərf edilib. İdarə Heyətinin iclasında həmçinin YAP-ın V Qurultayına və bu ilin payızında keçiriləcək prezident seçkilərinə hazırlıq işləri müzakirə edilib.


AzNews.az