Friendə, druqa, rəfiqə və qardaşa…

24 Yanvar 2013 17:05 (UTC+04:00)


İlham Tumas

Hər bir təsadüfün təbiliyinə inanmaq daha asandır, nəinki hər bir təbiiliyin təsadüflüyünə. Çünki təbii olan şeyin həmişə zəruri səbəbi olur, təsadüfi olan şey isə adətən təbiiliyin əlamətidir.

Bəndənizin deyimlərindən




Qardaş, nə fikirləşirsən, axı nəyə görə, Kəbirə xanımın məhz indi, elə indi - 2013-də yadına düşür ki, "tolkuçka"sındakı satıcılar ayda filan qədər pul verməlidirlər?

…Privet, druq… Sən bilmirsən, nəyə görə Binə yarmarkasında "Evrovizion"dan əvvəl qurulmuş kassa aparatları indi yada düşür?

Səlam, rəfiqe… Sən bilərsən, nəyə görə dinlə, çarşabla bağlı məsələlər 2013 ərəfəsində daha aktual olur, bir əcnəbi dövlətin casusunu bizə "demokratiya fədaisi" kimi sırımağa çalışırlar?

Hello, may friend… Sən dünyanın altını-üstünü bilirsən, nə sirri-xudadı ki, illərlə sus-pus olan dünya 2013-də daha çox üstümüzə gəlir, bizi qərbdən, şərqdən, cənubdan, şimaldan bu qədər sıxmağa çalışır?

Privet druq… Bilməmiş olmazsan nəyə görə, RLS danışıqlarından sonra Quba, 2013 "bismillah" deməmiş İsmayıllı hadisələri baş verir?

Qardaş, axı nəyə görə, hansısa vəzifəlinin, ya imkanlının balası, qardaşı, yaxud özü 2013-cü ildə "lotuluq" eləməyə daha çox üstünlük verir? Bunlar niyə ağıllanmırlar ki? Niyə müdrikliyə yox, daha çox harınlığa meyllidirlər?

Friendin, druqun, rəfiqenin nə vecinə, qardaş, iş bizlikdir! Onların hamısını anlamaq mümkündür, mən özümüzü anlamıram, qardaş! Nəyə görə, onun-bunun əlinə şans veririk, nəyin üstündə bir tikə çörək kimi şirin, zorla, qurbanla, qanla-qadayla əldə elədiyimiz Dövlətimizin ovsanatına haram qatırıq? Qardaş, biz bilmirik ki, qanımız-canımıza, varımız-barımıza, malımız-mülkümüzə görə Azərbaycana borcluyuq. 2013 də keçib gedəcək, 2033 də… Zaman gəlib gedəndi, bizə qalan Azərbaycan olacaq. Mən həmişə elə bilirdim, Azərbaycan bizdədi, get-gedə daha aydın başa düşürəm ki, yox, biz hamımız Azərbaycandayıq…

…Hind filosofu Vatsyayana yazır: "Ər zifaf gecəsi arvadının otağının qapısını döyür. Qadın "kimdir" deyə soruşur, "mənəm" cavabını alınca qapını açmır. Bir az keçəndən sonra qapını döyən ər eyni sualla qarşılaşır, yenə "mənəm" cavabını verir və təkrar qapı arxasında qalır. Üçüncü dəfə o, qadının bu sualla nə demək istədiyini başa düşüb, onun "kimdir" sualına "sənsən" cavabını verir, qapı açılır və muradına çatır...".

Qarşımızdakılara "mən" deyib, özümüz kimi baxmasaq, işimiz fəna olacaq, qardaş!

Lent.az