Kriminal aləmin “üçüncü şəxsi” Rusiyaya təhvil verilir

25 Yanvar 2013 09:51 (UTC+04:00)


Ukrayna hakimiyyəti kriminal avtoritet Omar Bakayevin Rusiyaya təhvil verilməsinə hazırlaşır. Artıq bununla bağlı sənədlər tərtib olunub. Kriminal aləmdə "Dayı" və ya "Omar Ufumski" ləqəbi ilə tanınan bu şəxs Ded Xasanın ölümündən sonra Rusiya kriminal dairələrində üçüncü şəxs kimi tanınır. Rus mafiyasının kralı Ded Xasan öldürüldükdən sonra "Dayı" postsovet məkanında cinayətkar aləmin rəhbərləri ilə mübarizədə "açar fiqur"hesab edilir.

56 yaşlı çeçen Omar Bakayevin bu günlərdə mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılması Rusiyaya təhvil verilməsi məqsədi daşıyıb.

Qeyd edək ki, "Dayı" 2008-ci ildə adam oğurluğuna görə beynəlxalq axtarışa verilib. Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, 2004-cü ildə Bakayev 52 yaşlı moskvalının oğurlanmasında iştirak edib və həmin şəxsin qaytarılması müqabilində 1,6 milyon dollar tələb edib. Ancaq çeçen kriminal avtoritet bu ittihamdan da yaxasını qurtara bilib.

Rusiyalı təhqiqatçıların sözlərinə görə, O.Ufumski kriminal aləmdə Ded Xasandan sonra üçüncü yeri tutub. Buna görə də Ded Xasanın öldürülməsindən sonra onun Rusiyaya gələcəyi təqdirdə bu, Moskvada başlayan "hesablaşmada" xüsusi rol oynaya bilər.

Elnarə
AzNews.az