AzNews.az Trend-ə istinadən xəbər verir ki, Ağdaş şəhər sakini, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi, 1978-ci il təvəllüdlü Babayev Elçin Niyazi oğlu həmin rayon yaşayan qadınla qeyri-rəsmi münasibətdə olub. Qadının qohumu olan Ağdaş sakini, 1979-cu il təvəllüdlü İsmayılov Pərviz Əlövsət oğlu bu məsələdən xəbər tutub və E.Babayevi öldürmək qərarına gəlib. Bu məqsədlə P.İsmayılov qanunsuz yolla "Makarov" tipli tapança əldə edib və E.Babayevi kafeyə dəvət edib. Kafedə P.İsmayılovla E.Babayev arasında mübahisə yaranıb və nəticədə P.İsmayılov tapançadan 3 dəfə atəş açaraq E.Babayevi qətlə yetirib və hadisə yerindən qaçıb.
Ağdaş rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törədən P.İsmayılov saxlanılıb, ondan qətldə istifadə etdiyi "Makarov" tipli tapança aşkar edilərək götürülüb.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
***
10:10
Ağdaş rayonunda vəzifəli şəxsi odlu silahla öldürən şəxs tutulub.
APA-nın yerli bürosunun xəbərinə görə, dekabrın 28-də saat 22:00 radələrində Ağdaş rayonundakı “Dəhnə” kafesində Ağdaş şəhər sakini, “Azərsu” ASC-nin “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi, 1978-ci il təvəllüdlü Babayev Elçin Niyazi oğlu ilə orada yeyib-içdiyi dostu, Ağdaş sakini, 1979-cu il təvəllüdlü İsmayılov Pərviz Əlövsət oğlu arasında insident olub. Pərviz İsmayılov tapançadan 3 dəfə atəş açaraq, şöbə rəisini öldürüb, özü isə silahını da alaraq, qaçıb.
Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları həmin silahlı şəxsin insanlar üçün təhlükəli olduğunu nəzərə alaraq dərhal gücləndirilmiş iş rejiminə keçib və onu qısa zamanda taparaq istintaqa təhvil veriblər.
Qeyd edək ki, Pərviz İsmayılov daha əvvəl bir qızı ov tüfəngi ilə qətlə yetirdiyi üçün 10 ildən çox məhkumluq həyatı yaşayıb. Onun Elçin Babayevi də qısqanclıq zəminində qətlə yetirdiyi bildirilir.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
***
28 Dekabr 23:56
Ağdaş rayonunda qətl hadisəsi törədilib.
AzNews.az Apa-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 22:00 radələrində Ağdaş şəhərindəki kafelərdən birində qeydə alınıb.
Ağdaş şəhər sakini, “Azərsu” ASC-nin “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi vəzifəsində çalışan Elçin Babayev kafedə birgə yeyib-içdiyi dostu ilə aralarında insident baş verib. Adı hələ ki, məlum olmayan şəxs Elçin Babayevə üstündə gəzdirdiyi tapançadan bir neçə dəfə atəş açıb. Ağır xəsarətlər alan şöbə rəisi hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxs qaçıb gizlənib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları silahlı şəxsin insanlar üçün təhlükəli olduğunu nəzərə alaraq dərhal gücləndirilmiş iş rejiminə keçib və onun qısa zamanda tapılaraq istintaqa təhvil verilməsi üçün bütün qüvvələr səfərbər edilib. Hazırda rayonun giriş və çıxış yolları nəzarətə götürülüb.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.