Təhsil Nazirliyi: “TQDK şou yaradır”- ŞOK İTTİHAM

25 Yanvar 2013 11:24 (UTC+04:00)


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dərsliklərin monitorinqinin müzakirəsinə başlayıb. Müzakirələrdə dərslik müəllifləri ilə yanaşı, Təhsil Nazirliyinin nümayəndələri də iştirak edir. Nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı AzNews.az-a müzakirələrin gedişindən razı qalmadığını və çox vaxt şou yaradıldığını bildirib: "Sanki öz içimizdə düşmən axtarışına çıxıblar. Dərslikləri keçməyən, indiyə qədər nazirliyə qarşı ancaq tənqidi mövqedən yanaşan şəxslərə meydan verirlər. Məmməd Yaqubov dərsliklərin müəllifi olub, ancaq bu il 5-ci sinif üçün dərsliyi keçməyib. İndi o öz ətrafı ilə, eləcə də Əlövsət Osmanlı gəlir, orada şou yaradırlar. Sanki öz içimizdə düşmən axtarırlar".

Nazirlik rəsmisi müzakirələrdə mətbuatın də iştirakının vacib olduğunu bildirərək TQDK-nı "gözdənsalma kampaniyasına son verməyə" çağırıb: "İstərdik ki, mətbuat nümayəndələri gəlib özləri oradakı vəziyyəti müşahidə etsinlər. Biz heç bir zaman dərsliklərdə problemlərin olduğunu inkar etməmişik. Müəyyən problemlər var və monitorinqin məqsədi də bu problemləri aşkara çıxarıb birgə aradan qaldırmaqdır. Amma hazırda ədalətsiz yanaşma müşahidə olunur. Cənab Prezidentin monitorinqlərlə bağlı sərəncamı gözəl missiyadır, ancaq monitorinq aparmağın da öz qaydası var. Məmməd Yaqubov BDU-nun professorları ilə birgə gəlir. Onlar riyaziyyatçılardır, alimlərdir, orta məktəb müəllimləri deyillər. Dərslik müəllifi olan müəllimlər onların yanında bəzən etika xətrinə cavab vermirlər. Ancaq kiminsə kimisə təhqir etməyə ixtiyarı yoxdur, hər şey qaydalar, etika çərçivəsində aparılmalıdır".

Elnarə Əlosmanqızı
AzNews.az