İsmayıllı icra başçısı əhali ilə dil tapmağa çalışır

25 Yanvar 2013 12:26 (UTC+04:00)
İsmayıllı rayonunda dünən axşamdan etibarən sabitlik hökm sürür.

APA-nın əməkdaşının verdiyi məlumata görə, hüquq-mühafizə orqanları şəhərə nəzarət edir. Şəhərdə qurulan polis postları isə götürülüb, indiyədək aksiyaya cəhd qeydə alınmayıb.

Xidmət obyektləri, idarə və müəssisələr normal fəaliyyət göstərir.

Yerli hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, aksiyalarda saxlanılan şəxslərdən bəziləri sərbəst buraxılıb.

Bu gün saat 16.00-da rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun ictimaiyyət nümayəndələri ilə görüşü keçiriləcək. İH başçısının birinci müavini Rafael Əhmədov APA-ya açıqlamasında bildirib ki, görüşdə son günlər baş verən hadisələr müzakirə olunacaq.