Məhşurlar 2017-ci ili harada qarşılayacaq? - SORĞU

31 Dekabr 2016 12:55 (UTC+04:00)

Xalq artisti Flora Kərimova:

“Mən Yeni il bayramını Azərbaycanda, öz evimdə keçirəcəm. Uşaqlarım söz verib ki, bayram ərəfəsində Azərbaycana gəlsinlər və əziz günü mənimlə qeyd etsinlər. Hər halda gözləyirəm”.

Xalq artisti Nazpəri Dostəliyeva:

“Restoranlarda keçirilən yeni il bayramları ilə əlaqədar təşkil olunan tədbirlərdən, bəlkə də, 50-dən dəvət almışam. Amma heç birini qəbul etmədim. Dedim ki, yüz belə dəvəti övladlarıma dəyişmərəm. Yeni il bayramında balalarım, nəvələrimlə birlikdə evimdə olacam. Mənim üçün bundan gözəl nə ola bilər?!”.

Əməkdar artist Cavanşir Məmmədov:

“Mən həmişə Yeni il bayramını Azərbaycanda olmuşam. Bu bayramda da öz vətənimdə, evimdə olacağam. Ümumiyyətlə, bayramı başqa yerdə qeyd etmək düzgün deyil. Bayram günü ailən, uşaqların, nəvələrinlə bir yerdə olmaq dünya sevincidir. Özü də öz evində”.

Əməkdar artist Rafiq Hüseynov (Rəmiş):

“Biz Gülü xanımla Yeni il bayramında öz evimizdə olacayıq. Heç yerə getmək fikrimiz yoxdur. Bütün günü evimizdə istirahət edib, axşam da yeyib-içib bayramı qeyd edəcəyik. Axşam saat 12-dən sonra isə hava almaq üçün Dənizkənarı Parka gedəcəyik. Heç bir ölkə Azərbaycandan gözəl ola bilməz. İki saat parkda olub sonra yenə evimizə qayıdacayıq.”

Əməkdar artist Elza Seyidcahan:

“Bu il ailəmə sevinc gətirib. Nəvəm Səmərrux dünyaya gəlib. Gəlişi ilə bizə bir dünya sevinc gətirib. Ona görə də düşündük ki, Yeni il bayramını ailəmlə bir yerdə, öz evimizdə qeyd edək. İnsana ən əziz yer evidir.”

Bahar RÜSTƏMLİ

AzNews.az