Neftçilərin axtarışı fasiləsiz davam etdirilir - Qərargah

1 Yanvar 2017 15:17 (UTC+04:00)

Axtarış-xilasetmə Qərargahından APA-ya verilən məlumata görə, hazırda axtarış – xilasetmə əməliyyatlarının aparıldığı ərazidə küləyinin sürətinin güclənməsi, dalğanın hündürlüyünün artmasına baxmayaraq, əməliyyatlar dənizdə və sahilboyu ərazilərdə fasiləsiz olaraq həyata keçirilir.

Mövcud hava şəraitinin kiçik həcmli gəmilərin hərəkətinə ciddi maneələr törətdiyini nəzərə alaraq, Qərargah tərəfindən, qeyd olunan hava şəraitində texniki göstəriciləri axtarış xilasetmə əməliyyatlarını həyata keçirməyə imkan verən gəmilərin həmin əraziyə cəlb edilməsi təmin edilib. Eyni zamanda hava şəraiti ilə əlaqədar olaraq, mütəxəssislərin rəyinə əsasən Qərargah tərəfindən sahilboyu ərazilərdə axtarış – xilasetmə tədbirlərinin intensiv şəkildə davam etdirilməsi barədə müvafiq təlimat verilib.

Xatırladaq ki, axtarışlar uzunluğu 165 km, eni isə 135 km olan geniş ərazidə həyata keçirilir.

AzNews.az