Təcili yardım maşını yük maşını ilə toqquşdu, yanğın baş verdi - Kürdəmirdə - Yenilənib

3 Yanvar 2017 12:40 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı- Qazax əsas magistral yolunun 187-ci kilometrliyində, Kürdəmir rayon ərazisində qeydə alınıb.

Tural Fərman oğlu Süleymanovun idarə etdiyi, Ucar Mərkəzi Rayon Xəstəxanasına məxsus "Ford" markalı təcili tibbi yardım maşını ilə Qalib Hüseyn oğlu Hüseynovun idarə etdiyi "KamAZ" markalı yük maşını toqquşub.

Nəticədə "Ford" markalı maşında olan sərnişin Ucar rayon sakini 1963-cü il təvəllüdlü Şəhla Sabir qızı Əzizova hadisə yerində ölüb. Sürücü T. Süleymanov və digər sərnişinlər, Xəyalə Zabit qızı Mehdiyeva, tibb bacısı Validə Yunis qızı Xəlilova müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Tibb bacısı xəstəxanada vəfat edib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

***

Bakı-Qazax yolunun 195-ci kilometrliyində ağır yol qəzası baş verib.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Kürdəmir rayonu ərazisində, Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasının “Qazel” markalı avtomobili ilə vətəndaşa məxsus “Kamaz” markalı yük avtomobili toqquşub. Yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində “Qazel” markalı avtomobilin yanar hissələri yanıb. “Kamaz” markalı yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 08:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.