“Rusiya acıqlıdır, Azərbaycandan əvəz çıxmağa çalışır”

25 Yanvar 2013 15:32 (UTC+04:00)


Qəbələ RLS-in köçürülmə prosesi indi başlansa da və Rusiya öz vətəndaşlarının əksəriyyətini köçürüb. Bəlkə də artıq bütövlükdə köçürmə prosesi yekunlaşmaq üzrədir. Buna baxmayaraq stansiyada çalışan azərbaycanlılar neçə aylıq əmək haqlarını ala bilməyiblər.

Bunu işçilərə qarşı hörmətsizlik və milli ayrıseçkilik kimi dəyərləndirən siyasi ekspet Qabil Hüseyinli AzNews.az-a deyib ki, bu həm də böyük dövlətlərə xas olan təkəbbürlülükdür: "İnanmıram ki, stansiyada çalışan rusların əməkhaqları verilməsin. Onların nəinki əməkhaqları, hətta onlar üçün nəzərdə tutulan kaffisientlər belə artıqlaması ilə ödənilib. Azərbaycanlıların əməkhaqlarının ödənilməməsi Rusiyanın Qəbələ RLS-i tərk edərkən azərbaycanlılara qarşı bəslədiyi münasibəti ifadə edir. Məncə həmin azərbaycanlılar da yerli məhkəmələrdə bununla bağlı iddia qaldırıb məsələnin araşdırılmasına nail olmalıdır. Yəqin ki, məhkəmələr ədalətli qərar çıxaracaq və Rusiya çıxarılan qərara əməl etməzsə o zaman Avropa Məhkəmələrinə qədər sona getmək olar".

Rusiyanın Azərbaycanda hərbi mövcudluğunu sübut edən Qəbələ RLS-dən sükutla imtina etməsinə gəlincə, siyasi ekspert bildirib ki, Kreml bu məsələdə acıqlıdır, onun əvəzini də Azərbaycandan çıxmağa çalışır: "Rusiya belə düşünürsə ciddi səhvə yol verir. Çünki artıq Azərbaycan o dövlət deyil ki, torpaqları tutub, ermənilərə verdi. İndi Azərbaycan güclənmiş dövlətdir, özü özünün maraqlarını müdafiə etmək gücünə malikdir. Güman edirəm ki, Rusiya Azərbaycana qarşı təxribat fikrinə düşsə, bu cəhd lazımi səviyyədə dəf ediləcək".

Gültəkin
AzNews.az