“Təzə bazar” MMC-də reyd - Qanunsuz fəaliyyət göstərən ət sexi aşkarlandı

6 Yanvar 2017 17:15 (UTC+04:00)

DBNX-nın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, reyd zamanı Məmmədağa İbrahimova məxsus “Təzə bazar” MMC-nin ət satışı şöbəsinin yanında gecələr gizli, qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış əti sümükdən ayıran sex aşkarlanıb.

Ətin sümükdən ayrılmasına sexə baxış keçirərkən 14 ədəd hissələrə bölünmüş 320 kq heyvan əti, 5 ədəd ağ polietilen torbalarda 64 kq sümükdən ayrılmış heyvan əti, 5 ədəd heyvanların daxili orqanları aşkar edilib.

Ümumi çəkisi 445 kq olan heyvan ətinin və daxili orqanların mənşəyinə və sağlamlığına dair heç bir sənəd təqdim olmadığı üçün həmin ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriya müayinələrinin nəticələri məlum olana kimi 445 kq heyvan ətləri və daxili orqanlar müvəqqəti saxlamaq üçün komissiyanın iştirakı ilə soyuducu kameraya yerləşdirilərək möhürlənib.

Keçirilən reyd zamanı Məmmədağa İbrahimova məxsus “Təzə bazar" MMC-də əti sümükdən ayıran sexdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul edilərək tədbirlər görüləcək.