10 yaşlı Nurayın müdafiəsi üçün bütün addımlar atılacaq - Dövlət Komitəsi

7 Yanvar 2017 18:51 (UTC+04:00)

Bunu Trend-ə açıqlamasında İşçi Komissiyanın üzvü - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

A.Sofiyeva bildirib ki, İşçi Komissiyanın üzvləri baş vermiş hadisə ilə bağlı araşdırmalar aparmaq üçün sabah Quba rayonuna yol düşəcəklər. Onun sözlərinə görə, Quba Rayon Məhkəməsində baş vermiş hadisənin yerində araşdırılıması məqsədilə 10 yaşlı Nuray Bayramzadə və ailə üzvləri ilə görüşəcəklər.

A.Sofiyeva qeyd edib ki, İşçi Komissiyanın tərkibində aidiyyəti dövlət qurumlarının nümayəndələri - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları təmsil olunurlar.

Komitənin sədr müavini bildirib ki, aparılan araşdırmalardan sonra Komissiyanın ilkin məlumatı sabah günün sonunda açıqlanacaq. A.Sofiyeva həmçinin vurğulayıb ki, 10 yaşlı Nuray Bayramzadənin mənafeyinin müdafiəsinin həyata keçirilməsi üçün bütün lazımi addımlar atılacaq.

Qeyd edək ki, Quba rayon Məhkəməsi tərəfindən 10 yaşlı Nuray Bayramzadənin bioloji atasına verilməsilə bağlı 7 dekabr 2016-cı ildə qətnamə çıxarılıb. Sosial şəbəkələrdə yayılan videoda məhkəmə qərarının icrası zamanı 10 yaşlı Nuray Bayramzadənin xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən kobudluq əksini tapıb.

AzNews.az