Qanunsuz ov edən ərəblər tutuldu Azərbaycanda

9 Yanvar 2017 10:28 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Beyləqan, İmişli, Hacıqabul, Biləsuvar, Xızı, Xaçmaz və Quba inzibati rayonlarının ərazisində və “Ağgöl” Milli Parkında qadağan olunmuş alətlərlə (tələ, cələ, ilgək) qanunsuz ov edən Birləşmiş Ərəb Əmirliklərinin, Türkiyə, Pakistan, İraq və Suriya Respublikalarının 16 vətəndaşı saxlanılıb.

İnzibati xəta törətmiş yerli və əcnəbi qanun pozucuları barəsində protokollar tərtib edilib, ümumilikdə 200 nəfər inzibati qaydada 193317 manat məbləğində cərimə olunub. Xarici vətəndaşların ov aləti kimi istifadə etdikləri quşlar götürülərək təbiətə buraxılıb və 29 fakt üzrə qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

Qanunsuz ov edən xarici vətəndaşların ölkə ərazisindən çıxarılması (deportasiya) və gələcəkdə Azərbaycan Respublikasına buraxılmaması üçün Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.