Sumqayıtın polis rəisi müavinlərini işdən qovdu -EKSKLÜZİV

25 Yanvar 2013 23:49 (UTC+04:00)


Sumqayıt Şəhər Polis İdarəsinə bir müddət əvvəl təyin olunan Sahib Mirzəyev idarədə ciddi kadr islahatlarına başlayıb. O, demək olar ki, bütün müavinlərini işdən kənarlaşdırıb.

AzNews.az-ın əldə etdiyi məlumata görə, S. Mirzəyev işdən xaric etdiyi şəxslərlə çox sərt şəkildə "vidalaşıb". Heç bir xəbərdarlıq etmədən, onları yanına çağırıb və "gedin özünüzə iş tapın" deyib. İşdən azad edilən şəxsləri təqdim edirik:

Həsən Əsədov- xidmət üzrə rəis müavini;

Xalid Quliyev - Cinayət-Axtarış Şöbəsinin rəisi, polkovnik–leytenant;

Rauf Balaşov - Narkotiklərlə mübarizə Şöbəsinin rəisi, polkovnik-leytenant.


Bundan başqa, S.Mirzəyev 4-cü polis bölməsinin rəisini də işdən uzaqlaşdırıb.

Qeyd edək ki, Sahib Mirzəyev Sumqayıt polisində ciddi kadr dəyişikliyi edəcəyi əvvəlcədən proqnozlaşdırılırdı. Nəsimi Polis İdarəsinin rəis müavini, "Çakır" ləqəbi almış Süleyman Nemətovu özünə müavin təyin etməklə Sumqayıt Polis idarəsində yeni ab-hava yaratması ehtimalı özünü doğrultdu.

Bu xəbərləri dəqiqləşdirməkdən ötrü idarənin əməkdaşları ilə əlaqə saxlayanda kadır islahatları ilə bağlı başqa məlumatlar da aldıq. Məlum oldu ki, yeni rəis yol polisi bölməsində də "təmizləmə" işləri aparıb. Bir neçə yol polisi işdən azad edilib.

Ceyhun Qurbanov adlı yol polisi isə ümumiyyətlə, polis sıralarında uzaqlaşdırılıb. Buna səbəb kimi isə onun öz otağında əxlaqa zidd hərəkətlər etməsi olub.

Azər Əli
AzNews.az