Zəif bənd

26 Yanvar 2013 00:08 (UTC+04:00)
Zahid Oruc

Sabitlikdir. Qədim Roma hüququna görə "belə situasiya kimə sərf edir" deyə bilərdik. Lakin onun əksi də doğrudur. Eyforiyaya və ümumxalq üsyanına dair ssenarilər baş tutmursa, onda soruşa bilərik ki, İsmayıllının bugünkü sakit həyatı kimə sərf etmir? Bax, önəmlisi bunu müəyyənləşdirməkdir. Baş verənlər bir, onun təqdimatı ayrı olduğundan verilən qiymətlər özü ölkədəki hər kəsin həqiqi niyyətini təyin etməyə ən yaxşı testdir.

Gəlin indikator kimi hesab edək ki, lokal bir ərazidə baş verənlər iqtisadi və sosial dəyişiklik istəyənlərin hayqırtısıdır. Elə isə bəylər və xanımlar, vətəndaş sizin bəyan etdiyiniz qlobal sosial və siyasi dəyişiklikləri yenə də lider İlham Əliyevin rəhbərliyi altında görür. Bunu inkar edən mənzərəni yaratmaq üçün dəlil-sübut tapa bilməyənlər ictimai nifrətin meydana çıxması üçün gərək sovet hərbi taktikasından istifadə etsinlər. Almanlara qarşı müharibədə xalq qəzəbini kütləviləşdirmək üçün SS formasını geyən canişinlər öz millətinə qarşı barbarlıq törədirdi ki, nəhayət, böhran kütləsini yetişdirə bilsinlər. İndi iş o yerə gəlib ki, yanan tonqallardan və gözyaşardıcı qazlardan kütləvi ölüm səhnələri düzəltməlisiniz ki, antoqonizmin apogeyinə çatasınız. Yoxsa, adamlar hətta ən çıxılmaz situasiyada belə nicatı Prezidentdən gözləyirlər.

Deyə bilərsiniz ki, aşağı qurumlar və bir sıra dövlət strukturlarının etibarına xələl gəldiyindən vətəndaş həlledici qərarı yalnız Birinci Şəxsdən gözləməklə etimad votumuna malik olanların sıra sayının çox olmadığını ortaya qoyur. Lakin hər halda ən narazı kəsimin və ehtiyac kisəsini məmurun üzünə çırpan üsyançının başqa bir liderin şəklinə sığındığını da göstərən faktlar mövcud deyil.

Küçə və meydanlarda davam edən 2 günlük güc nümayişinin davamı gəlməyincə paytaxt virtualları əldə etdikləri protest şəkillərini "inqilabın formadan düşməməsi" üçün daha geniş tirajlamağa və beynəlxalq informasiya çarxının yeminə çevirməyə çalışırlar. Əlbəttə, Qarabağ səmasında uçacaq erməni təyyarəsinə bir cümlə yer verməyən xarici informatorların belə səxavət və operativliyi ayrıca təhlil mövzusudur. İsmayıllıya işıq sürətilə ezam olunan və canlı toqquşmalardan nifrət dolu reportajlar və nekroloqlar yazan siyasi camedən "Vaşinqton Post"a nə qədər desən qaynar xəbərlər istehsal etmək mümkün idi. Gərəkirsə, bütün ölkəni yandırıb dünyaya göstərərdilər ki, bura ərəb ölkəsidir. "Zəif bənd" oyunu heç vaxt bitmir və dünya insanı daim tamaşadan zövq almalıdır. Qanlı savaş səhnələri olmadan keçinmək mümkün deyil. Fasiləsiz üsyanlarla qazandığı milyardları Qərbə bağışlayanlar üçün Azərbaycanın 45 milyard dollarlıq ehtiyatı növbəti dayanacaq kimi pis layihə deyil.

Şevroletli Avropanın həyat acıları ilə çarpışanlar sanki yoxmuş. Varlı və kasıb qəzaları yalnız şərq ölkələrinin taleyi imiş. Azərbaycanın Yaxın Şərq mənzərəsi üçün bölgələrə səfər edən müxaliflər və hökumət əleyhdarları nəyi nəzərdən qaçırmışdılar?

Tutaq ki, icra başçılarının göz qabağında olan əmlakları qalaqurmanın simvolu kimi yandırmağa daha tez yarayan obyektə çevrilir, lakin bütün qurulmuş infrasturkturu və imkanlı insanları düşmən hədəfinə çevirəndə bu hamının-hamıya qarşı döyüşünə çevrilmirmi? Müxtəlif müsəlman ölkələri məhz belə sosial və məzhəb davasında deyilmi?

Uğurlu hakimiyyətlər hər bir qarşıdurmanı növbəti düzgün siyasi qərarların zəmininə çevirirlər. Xalqla dialoq mühiti meydanlarda yaşaran gözlərdən daha əlverişli yoldur. Lakin azadlıqlar və demokratiya pozulmuş təhlükəsizliyin üstündə qurula bilməz. Bu hamının ziyanınadır. Çünki qatar platformadan çıxanda hamını-varlını da, kasıbı da altına alır. Bu haqda sonrakı yazımda...