“Roma Papasının bəyanatları bir daha ölkəmizin önəmini təsdiqlədi” - Prezident

10 Yanvar 2017 14:55 (UTC+04:00)

Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Keçən il Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayənin qoyulduğunu deyən Prezident İlham Əliyev vurğulayıb ki, 2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi və buna da nail olundu. Bəzi neft ölkələrindən fərqli olaraq Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən səmərəli istifadə edilib. Azərbaycanda görülən işlərin beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirildiyini, Davos İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyətliliyinə görə 37-ci yerdə qərarlaşdırdığını deyən dövlətimizin başçısı böhranlı ildə belə ölkədə 100 mindən çox daimi iş yerinin açıldığını vurğulayıb.

Ötən il beynəlxalq əlaqələrimizin daha da genişləndiyini deyən Prezident İlham Əliyev 2016-cı ildə Azərbaycana 20-yə yaxın dövlət və hökumət başçısının səfər etdiyini, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndiyini bildirdi, Azərbaycan torpaqlarının işğaldan azad olunması və BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsi ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməz qaldığını vurğuladı. 2016-cı ilin aprelində təmas xəttində baş verən döyüşlərə toxunan Prezident İlham Əliyev əks hücum əməliyyatı nəticəsində ordumuzun düşmənə sarsıdıcı zərbələr vurduğunu və minlərlə hektar torpağın işğaldan azad edildiyini bildirib.

2016-cı ilin vacib hadisələrindən danışarkən Prezident İlham Əliyev “Cənub” qaz dəhlizinin və “Şahdəniz-2” layihəsinin icrası ilə bağlı bütün addımların atıldığını, TANAP layihəsinin böyük hissəsinin icra edildiyini, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı tədbirlərin görüldüyünü bildirdi.

2016-cı ildə idmançılarımızın Rio Olimpiadasında tarixi nailiyyətə imza atdığını deyən dövlətimizin başçısı sentyabrda baş tutan referendumun nəticələrindən də danışdı, onun xalqımızın iradəsini əks etdirdiyini diqqətə çatdırdı.

Ötən ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini deyən Prezident İlham Əliyev bu il çərçivəsində Bakıda bir neçə mötəbər beynəlxalq tədbirlərin keçirildiyini, Roma Papasının ölkəmizə səfəri zamanı verdiyi bəyanatların bir daha Azərbaycanın önəmini təsdiqlədiyini qeyd edib.