Nazim İbrahimov qalmaqaldan danışdı

26 Yanvar 2013 10:15 (UTC+04:00)




"Əgər Ukraynada bir qrup azərbaycanlı başqa bir qrup azərbaycanlı ilə heç bir halda yola getmirsə, birgə olmaq istəmirsə, hesab edirəm ki, orada iki təşkilatın olması daha sərfəlidir".

Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Ukraynadakı Azərbaycan diasporu ətrafında uzun müddətdir yaşanan qalmaqala münasibət bildirərkən deyib.

Komitə sədrinin fikrincə, hətta daha çox qrupun olması daha müsbət nəticələr verə bilər: "Məsələn, ermənilərin Kaliforniyada 1300-dən artıq təşkilatları fəaliyyət göstərir, amma onların hamısının ümumi bir amalı var - "Böyük Ermənistan" ideyasına qulluq etmək. Biz azərbaycanlıların da, hansı ölkədə nə qədər təşkilatımızın olmamızdan asılı olmayaraq, əsas məqsədimiz azərbaycançılıq ideyasına xidmət etməkdir. Ukraynada azərbaycanlıların kim daha çox iş görür deyə bir-biriləri ilə rəqabət aparmaları daha sərfəlidir. Düzdür, əvvəllər xaricdə diasporumuzun birləşməsi bizim də məqsədimiz idi. Amma artıq görürük ki, bəzi ölkələrdə bir təşkilatın olması heç sərf eləmir. Bir təşkilat bir səs deməkdir, 10 təşkilat 10 səs. Məsələn, Avropada soruşmurlar ki, hansı təşkilatın tərkibində nə qədər adam var. Ona görə də xarici ölkələrdə daha çox səsə malik, daha çox təşkilatlarımızın olması məqsədəuyğundur. Ermənilər bu metodu çox ustalıqla həyata keçirirlər, hətta bir neçə nəfərdən ibarət diaspora təşkilatı yaradırlar. Hesab edirik ki, Ukraynada yaşayan azərbaycanlıların konqresləri, təşkilatları bir-biri ilə dil tapa bilmirlərsə, hələlik onların iki təşkilat çərçivəsində fəaliyyəti daha sərfəlidir".

Ukrayna Azərbaycanlıları Konqresinin qeydiyyat məsələsinə toxunan N. İbrahimovun sözlərinə görə, belə bir problem yoxdur: "Özüm bu vəzifədən əvvəl 8 ildən artıq Ukraynada yaşamışam, 4 il o ölkədə səfir olmuşam. Ukrayna Azərbaycanlıları Konqresinin yaradılmasında kiçik də olsa, əməyim var. Heç vaxt qeydiyyat məsələsində problem olmayıb. Anlayırıq ki, artıq zaman dəyişib və orada yeni liderlər ortaya çıxıb. Onlar əgər birləşə bilirlərsə birləşsinlər, onsuz da başqa ölkələrdə olduğu kimi, orada da azərbaycanlılar kimi seçəcəklərsə, biz onun yanındayıq. Yox, əgər birləşə bilmirlərsə, ayrı-ayrı fəaliyyət göstərsinlər, bu halda da biz onlara dəstək verəcəyik".

AzNews.az