Prezident 3 nömrəli tam orta rus məktəbinin açılışında - Fotolar

11 Yanvar 2017 16:24 (UTC+04:00)

AzNews.az xəbər verir ki, dövlət başçısına “Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verilib.

Bildirilib ki, layihə üzrə tikinti işlərinin icrasına 2012-ci ildə başlanılıb. Layihəyə əsasən Şahbuz şəhərinə, Kiçikoba və Daylaqlı kəndlərinə su şəbəkəsi, Şahbuz şəhərinə kanalizasiya şəbəkəsi çəkilib və ev birləşmələri aparılıb. Sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək. Qurğu gün ərzində 6 min 600 kubmetr və ya saniyədə 76 litr sutəmizləmə gücünə malikdir. Hər birinin tutumu 2500 kubmetr olan iki təmiz su anbarı inşa olunub. Sutəmizləyici qurğuda istifadə olunan nasoslar İtaliya, mexaniki süzgəc və ozonlaşdırma qurğusu İsveç, kartric süzgəclər isə Türkiyə istehsalıdır.

Prezident İlham Əliyev sutəmizləyici qurğuda istifadə edilən avadanlığa baxıb.

Su anbarlarından təmizlənmiş su öz axını ilə əhaliyə fasiləsiz olaraq verilir. Anbarlardan Şahbuz şəhərinə qədər diametri 315 və 280 millimetr olan 2,7 kilometr uzunluğunda plastik boru xətti quraşdırılıb. Layihə ərazisində diametri 280 millimetrdən 63 millimetrədək borularla 64,3 kilometr içməli su xətti çəkilib. Su şəbəkəsində 31 yanğın hidrantı və 4 təzyiqazaldıcı inşa olunub. Yerin relyefindən asılı olaraq mənzillərə 2-5 bar arasında təzyiqlə su verilir. Layihənin həyata keçirilməsi nəticəsində Şahbuz şəhəri, Kiçikoba və Daylaqlı kəndlərində 15 min 300 nəfər 24 saat daimi su ilə təmin ediləcək. Bundan başqa, əhaliyə verilən su ekoloji cəhətdən də yararlı və təmizdir. Bu su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir.

Bildirildi ki, Şahbuz şəhərində diametri 400 millimetrdən 200 millimetrə qədər borularla 40,1 kilometr kanalizasiya xətti çəkilib.

Dövlət başçısı Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı sisteminin istifadəyə verilməsini bildirən düyməni basıb.

Sonda xatirə şəkli çəkdirilib.

Daha sonra yanvarın 11-də Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə burada görülən işlərlə bağlı ətraflı məlumat verilib.

Qeyd edilib ki, Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbi 1939-cu ildən fəaliyyət göstərir. 600 şagird yerlik məktəbdə beşi elektron lövhəli olmaqla 32 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, iki kompüter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, bufet və idman zalı fəaliyyət göstərəcək. Məktəbdə 42 kompüter quraşdırılıb və internetə qoşulub.

Məktəbin kitabxana fondunda 6900 dərslik və 4603 bədii ədəbiyyat olmaqla 11503 kitab var. Məktəbdə 460 şagirdin təhsili ilə 59 müəllim məşğul olur.

Prezident İlham Əliyev məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Sonra dövlətimizin başçısı məktəbin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident İlham Əliyev mərasimdə çıxış edib.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edib.

Sonda xatirə şəkli çəkdirilib.