“Biz silahı vətəndaşımıza çevirməmişik” - REAKSİYA

26 Yanvar 2013 11:12 (UTC+04:00)


"Radikal müxalifət hakimiyyət əleyhinə bütün vasitələrdən istifadə edir. Hakimiyyətə qarşı "qara piar" kampaniyası aparırlar. Gəncləri müəyyən mənada qeyri-qanuni hərəkətlərə, çıxışlara təhrik edirlər. Amma Azərbaycan gəncliyi bu radikalların çağırışlarına cavab vermir".

Bu sözləri AzNews.az-a Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı bu gün keçirələcək aksiyaya münasibət bildirərkən deyib. Partiya rəsmisi bildirib ki, İsmayıllıda baş vermiş hadisələr ətraflı təhlil olunub, təqsirkarlar saxlanılıb, istintaq-əməliyyat işləri davam etdirilir: "YAP-ın sədr müavini Əli Əhmədovla İsmayıllıda olduq və vəziyyətlə tanış olduq. Faktiki olaraq, hər şey nəzarət altındadır. Belə olan halda "silahlarınızı bizə çevirməyin" kimi çağırışlarla gəncləri meydana çağırmaq yersiz bir addımdır. Biz silahlarımızı Ermənistana qarşı çevirmişik. Daxildə ictimai sabitliyi qorumaq üçün polis öz üzərinə düşən vəzifəni yerinə yetirir. Bizim silahımız vətəndaşımıza qarşı çevrilməyib. Bunun əksini düşünən adamlar milli maraqlara qarşı çıxan adamlardı".

M.Qurbanlı qeyd edib ki, keçiriləcək bu aksiyalar heç vaxt dəstək qazanmayacaq: "Oraya qeyri-qanuni toplaşanlar qanun çərçivəsində cavab verəcəklər. Bu aksiyalara sərf etdikləri enerjini Ermənistanın bizə apardığı təbliğata qarşı yönəltsəydilər, daha məqsədə uyğun olardı. Bugünki aksiya başlanğıcdan iflasa uğrayıb, irəli sürdükləri çağırışın özü məntiqə ziddir".

YAP funksioneri vurğulayıb ki, radikal müxalifət aksiya keçirən gənclərin arxasında gizlənib: "Belə etməklə onlara dəstək verirlər. Sosial şəbəkələrdəki çağırış edənlərin kimliyini araşdırsanız görərsiz ki, həmin gənclər hansısa müxalifət partiyasının gənclər təşkilatında fəaliyyət göstərirlər. Həmin gənclərin intellektual səviyyələri də çox aşağıdır".

Qeyd edək ki, bu gün saat 15:00-da "Fəvvarələr Meydanı"nda İsmayıllıda və "Binə" bazarında baş verən hadisələrə etiraz olaraq aksiya keçiriləcək.

İlkin
AzNews.az