Vətəndaşlarla kobud rəftara görə 146 nəfər daxili işlər orqanlarından xaric edildi - Nazirdən açıqlama

12 Yanvar 2017 20:20 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov yanvarın 12-də Avropa Şurası Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predan və Stefan Şennak ilə görüşdə bildirib.

Nazir deyib ki, təkcə son 5 ildə vətəndaşlarla kobud rəftara, müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1579 əməkdaş cəzalandırılıb, o cümlədən 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 134 nəfər tutduğu vəzifədən azad olunub, 6 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib.

"Polis orqanlarının Müvəqqəti Saxlama Yerlərinin müasir standartlara uyğun yenidən qurulması yönümündə də zəruri tədbirlər görülüb, hökumət, eləcə də qeyri-hökumət təşkilatlarından olan müşahidəçilərin müvəqqəti saxlama yerlərində azad və məhdudiyyətsiz monitorinq keçirmələrinə lazımi şərait yaradılıb. Təkcə son 5 il ərzində müvəqqəti saxlama yerlərində 1697 monitorinq keçirilib" - nazir diqqətə çatdırıb.