“Təzə bazar”dakı ətlərdə bakterioloji çirklənmə aşkar edildi

13 Yanvar 2017 11:44 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) AzNews.az-a verilən məlumata görə, ümumi çəkisi 445 kq olan heyvan ətinin və daxili orqanların mənşəyinə və sağlamlığına dair heç bir sənəd təqdim olmadığı üçün həmin ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriya müayinələrinin nəticələri məlum olana kimi aşkar edilən heyvan ətləri və daxili orqanlar müvəqqəti saxlamaq üçün komissiyanın iştirakı ilə soyuducu kameraya yerləşdirilərək möhürlənib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinə zamanı 19 nümunə ətdə və 5 nümunə daxili orqanda bakterioloji çirlənmə aşkar edilib.

Eləcə də bakterioloji müayinə zamanı 7 nümunə ətdə və 5 nümunə daxili orqanda salmonella typhimurium, 12 nümunə ətdə isə BÇQB (bağirsaq çöpü qrupunun bakteriyaları), stafilakokkus aureus aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən götürülən 19 nümunə ətin və 5 nümunə daxili orqanın keyfiyyətsiz olması, 5 nümunə ətin iribuynuzlu heyvanın aqoniya və ya öldükdən sonra kəsilməsi və bütün nümunələrin qida üçün, baytarlıq-sanitariya cəhətdən tamam yararsız olması müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq Məmmədağa İbrahimova məxsus “Təzə bazar” MMC-də gecələr gizli, qanunsuz fəaliyyət göstərən əti sümükdən ayıran sexdə aşkarlanan 14 ədəd hissələrə bölünmüş 320 kq heyvan əti, 5 ədəd heyvanın daxili orqanları və 5 ədəd ağ polietilen torbalarda olan 64 kq sümükdən ayrılmış heyvan ətləri barəsində qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək ciddi inzibati tədbirlər görüləcək.