Dünyanı təşvişə salan bəla! Ehtiyatlı olun!

26 Yanvar 2013 14:02 (UTC+04:00)
Millət vəkili Qənirə Paşayevanın yeni məqaləsini təqdim edirik. Ümid edirik ki, xoşunuza gələcək.

HƏKİMANƏ BİR YAZI


Bir neçə gün öncə yaxın dostlarımdan biri zəng edib narahat bir səslə "Bilirsən, nə olub? - deməzsənmi, filankəs ( - ortaq dostlarımızdan birinin adını çəkdi), "Hepatit C"-yə yoluxubmuş, vəziyyəti heç yaxşı deyil. Bilmirəm, nə kömək edə bilərik.!?" dedi. Dedi və ardınca da əlavə etdi ki, xəstəliklə yanaşı həkimlər tərəfindən ona bu barədə məlumat veriləndən sonra, üstəlik, həm də psixoloji şok içindədir.
Çox ciddi narahat oldum, ovqatım pozuldu. Çünki dostumuz təxminən 30 yaşlarında gənc bir insandır, üstəlik də, maddi durumu yaxşı olmayan ziyalı bir ailənin üzvüdür. Nə etməli? – hər halda bir də özünü dinləmək, bir qərara gəlmək lazımdı. Zəng etdim, görüşdük. Çox sarsılmışdı. Gerçəklər onu psixoloji cəhətdən yaman sarsıtmışdı. O qədər ki, artıq həyatla vidalaşmaq zamanım gəlir dedi. Yanılırsan dedim mən də. Dedim, onu Allahdan başqa kimsə bilmir. Bəlkə bir az sonra ikimizdən birimiz bir qəzanın qurbanı ola bilərik. Amma mən çox ağır xəstəliklə müalicə olunaraq, uzun illər yaşayan yetərincə insan adı çəkə bilərəm sənə və sən onların bir çoxunu tanıyırsan dedim.
Təsəlli verirsən amma bilirsən həkimlər nə dedi. Onlar yəqin ki, yaxın zamanlarda sənə qaraciyər köçürülməyə ehtiyac olacaq dedilər.-deyirdi o. Mən də geri çəkilmirdim öz mövqeyimdən: Artıq tibbdə bu problem deyil, dostum, dedim: "Görəcəksən, hər şey yaxşı olacaq, dostların olaraq hamımız yığışıb əlimizdən gələni edəcəyik sənin sağalmağın üçün və Allahın yardımı ilə sağalacaqsan!"
Durumun ciddi olduğunu bilirdim amma dostumuzu ilk öncə düşdüyü psixoloji sarsıntıdan qurtarmalıydıq, yoxsa, müalicələrin də ciddi təsiri olmazdı.
Nə qəribə bəladır ki, aylarla gizli gedib heç xəbərim də olmayıb mən də arabir bəzən səhhətimdə rahatsızlıqlar yarananda, keçib gedər, deyirdim. Çünki o qədər ciddi ağrılar, rahatsızlıqıar deyildi, dedi... Ürəyi dolu idi, yadındadı dedi, sən bir il öncə bir məqalə yazmışdın bu bəla ilə bağlı, bizə də hər zaman ehtiyatlı olun, rəhmətlik əmim özəl xəstəxanaların birində həkimin ehtiyatsızlığı üzündən yoluxmuşdu bu bəlaya, onun yoluxma yolları çoxdu, diqqətli olun deyirdin. Təəssüf ki, o zaman sənin dediklərinə o qədər ciddi fikir vermədim, keşkə o məqalədə yazılanlara daha ciddi fikir versə idim, dedi...
O gündən təxminən 1 aya yaxın vaxt keçir. Dostumuz müalicəsini davam etdirir. Qaraciyər köçürülməsinə yəqin ki, yaxın zamanlarda ehtiyac olacaq. Artıq özünü psixoloji yöndən daha güclü hiss edir. Ailəsi, dostları hamı onun sağalması üçün əlindən gələni edir. Həkimlər qaraciyər köçürülməsi üçün ilkin hazırlıqlara başlayıblar belə... Ailə üzvləri arasında donorların müayinəsi, yoxlanması və. s.-lə bağlı... Özü də, ailəsi, dostları olaraq biz də, həkimləri də əməliyyatın uğurlu olacağına çox inanırıq. Təbii ki, Tanrının yardımı ilə... Elə bu olaydan sonra dostumun haqqında bəhs etdiyi məqaləni daha sadə dildə və bəzi dəyişikliklər edərək, əziz oxucular, sizinlə paylaşmaq istərdim. Ümid edirəm, bu məqaləni oxuduqdan sonra "Hepatit C" virusu mövzusuna daha diqqətlə yanaşacaq və ona yoluxmamaq, ondan qorunmaq üçün daha diqqətli və ehtiyatlı olacaqsınız.

***
Diqqətli olun! XXI yüzilin bəlası olan "Hepatit C"yə yoluxmamanız üçün...

Dünyanı təşvişə salan bu qorxulu virusa yoluxanların sayı getdikcə sürətlə artır. Azərbaycanda da bu virusa yoluxan insanların sayı getdikcə artır. Qeyd edim ki, "Hepatit C" virusuna dünyada təxminən 500 milyon (!) adam yoluxub ki, indi dünyada şəkərli diabet , vərəm, onkoloji xəstəliklərin birgə sayından "Hepatit C" xəstələrinin sayı daha çoxdur! Dəhşətli rəqəmdir deyilmi?! Amma ən dəhşətlisi bu virusun gizlicə insanı öldürməsidir! Virusun yoluxma yollarının çox olması, xəstəlik əlamətlərinin gizli yolla getməsi, xəstəliyin qısa zamanda ağır xroniki formaya keçməsi, müalicəsinin çətin və bahalı olması ən ciddi faktorlardandır.
"Hepatit C" qaraciyər hüceyrələrini zədələyən virus mənşəli xəstəlikdir. Virus qaraciyər hüceyrələrini zədələyərək xroniki hepatitə, serroza və ya hepatosellülar karsinomaya (xərçəngə) gətirib çıxarır. Xəstəlik 80% hallarda xroniki formaya keçir. Virus 1989-cu ildə kəşf edilmişdir. "Hepatit C"-nin xarakterik özəlliyi ondadır ki, yoluxma və kəskin dövr gizli gedir və özünü büruzə vermir. Bir sözlə, demək olar, bu adi sarılıq deyil, çox təhlükəli bir xəstəlikdir, o təkcə qaraciyəri zədələmir, həm də digər üzvləri zədələməklə çox qorxulu ağırlaşmalar yaradır. Bu gün qaraciyərin xroniki xəstəliklərinin 75-80% səbəbi məhz "Hepatit B" və "C" viruslarıdır. Amma "Hepatit B" xronik formaya 15% keçdiyi halda, "Hepatit C" 80% hallarda bu formaya keçir. Hepatitlərin inkişafı bununla da məhdudlaşmır, virus yenə öz öldürücü təsirini davam etdirir. Ən çox ağırlaşmaları isə "Hepatit C"-nin serroz və xərçəng xəstəliyinə yol açmasıdır. Ancaq o nəinki qaraciyərin, həmçinin digər orqanların da zədələnməsinə, təhlükəli fəsadlara səbəb ola bilər.

Bu virus insanlara necə yoluxur?

Əslində, insanlar diqqətli olarlarsa bu yoluxma riskini minimuma endirə bilərlər! İnsanlar "Hepatit C" virusuna əsasən qan və onun elementləri ilə birbaşa təmasda olanda yoluxurlar. Virusa yoluxma:
- donor qanının köçürülməsi zamanı;
- qantəmizləmə prosedurları (hemodializ, hemosorbsiya) zamanı;
- cərrahi əməliyyatlar zamanı;
- ginekoloji müayinələr zamanı;
- manikür, pedikür zamanı;
- tatuaj və pirsinq zamanı;
- bərbərlərdə;
- stomotoloji kabinetlərdə;
- iynədən istifadə edən narkomanlar arasında;
- şəxsi gigiyena zamanı infeksiyalaşmış vasitələrdən istifadə vaxtı baş verir.

Donor qanının köçürülməsi zamanı

Donor qanının köçürülməsi zamanı əgər qan verən şəxsdə "Hepatit C" virusu varsa, qan köçürülən şəxs bu virusa yoluxa bilər. Bu baxımdan qan köçürülməsi prosesində xüsusi diqqətli olmaq lazımdır.

Cərrahi əməliyyatlar zamanı

Cərrahi əməliyyat və prosedurlar zamanı sterilizə qaydalarının pozulması; qanı "təmizləmə" prosedurları (– hemodializ, plazmoforez, hemosorbsiya) vaxtı.

Ginekoloji müayinələr zamanı

Ginekoloji müayinələr zamanı həkimlər istifadə etdikləri alətlərin sterilizasiyasına çox diqqətlə yanaşmalıdırlar. Elə insanlar özləri də tələbkar olmalıdırlar. Çünki bu yolla virusun yayılması riski çox yüksəkdir. (Acınacaqlı hal budur ki, hətta personalın belə əlcək istifadə etmədən manipulyasiya etdiyi hallar olur.)

Stomatoloji kabinetlərdə

Virusa ən böyük yoluxma halları stomatoloji kabinetlərdə baş verə bilər. Əgər alətlər lazımi səviyyədə sterilizasiya olunmursa, virusla yoluxma riski böyükdür. Həkimlərin üzərinə ciddi sorumluluq düşür. Amma mən sadə insanların özlərini bu məsələdə diqqətli və tələbkar olmağa çağırıram. İlk sırada, rayon qəsəbə və kəndlərimizdəki stomatoloji kabinetlər Səhiyyə Nazirliyinin xüsusi diqqət mərkəzində olmalıdır.

Manikür, pedikür zamanı

Kosmetoloji prosedurlar (pirsinq, tatu döyülməsi, manikür, pedikür) zamanı ste-rilizə qaydalarının pozulması;

Venadaxili narkotik qəbulu zamanı yoluxmuş qanla qarışmış narkotik məhlul-dan və ya yoluxmuş iynədən istifadə zamanı;

Bir də, xəstə anadan hamiləlik zamanı körpənin yoluxması ehtimalı 5-6 faizə qədərdir.

Dünya tibb statistikasına görə, 30% hallarda virusun yoluxma mənbəyini aşkar etmək mümkün olmur. Sözügedən xəstəliyin gizli dövrü bir aydan altı aya qədər uzana bilər. Yoluxmadan 6 ay sonra proses xroniki hesab edilir. "Hepatit C" qaraciyəri zədələməklə yanaşı, dəriyə, böyrəklərə, tüpürcək vəzilərinə, gözlərə təsir edə, habelə revmatizmə yol aça bilər.

Xəstəliyin əsas əlamətləri:

Zəiflik, halsızlıq;
Sümük-əzələ-oynaq sistemində olan ağrılar;
Zəif yuxu;
Baş ağrısı;
Qarında köp;
Ürəkbulanma;
İştahanın zəifliyi;
Çəki itkisi;
Yağlı yeməklərdən diksinmə;
(30% hallarda) zəif sarılıq.

Hepatit virusuna yoluxmamaq üçün nələri bilmək lazımdır?

Çox zaman ailədə, iş yerində və digər hallarda "Hepatit C"-yə yoluxmuş insandan, onlara da bu xəstəliyin keçəcəyi haqda qorxu yaranır. Ailədə normal təmaslarda, məsələn, paltarlardan, qab-qacaqdan, hətta öpüşmədən virusa yoluxma baş vermir. Ancaq üzqırxan alətlər, manikür ləvazimatlarından və diş fırçalarından birgə istifadə etmək olmaz. "Hepatit C" virusu yalnız 140 dərəcə C.-də məhv olur. Tibb prose-durlarında işlədilən bütün alətlər xüsusi yolla sterilizasiya edilməlidir.

Önərilər

- (Kişi heylaqları,) çalışın üzünüzü evdə qırxasınız! Bərbərə gedərkən, kabinetdə avtoklavın olduğuna, bərbərin ondan istifadə edib-etməməsinə fikir verin. Əks təq-dirdə boynunuza və üzünüzə ülgüc vurulmasından qəti imtina edin.
- Təsadüfi və qorunmamış intim ilişkilərdən çəkinin!
- Stomatoloqlardan steril alətlərdən istifadə etməyi tələb edin. Bu sizin hüququnuzdur.

Bu yazını yazmaqda məqsədim "Hepatit C" bəlasından bilgisiz olanları bəlli ölçüdə bilgiləndirmək; qorunma yollarını göstərmək; xəstəliyin ilkin əlamətlərini göstərməklə diqqətli olmağa çağırmaq; özünüzdə bu xəstəliyin əlamətlərini hiss etdikdə dərhal analizdən keçmənin və müalicəyə başlamanın vacibliyini söyləməkdir. Çünki xəstəlik ağırlaşdıqca müalicələr daha çətin və daha bahalı olur, çox zaman qaraciyər köçürülməsinə ehtiyac yaranır ki, bunu da etmək üçün çox az sayda insanın imkanı çatır...
(Düşünürəm ki, dövlətin bu məsələ ilə bağlı xüsusi proqramının olması vacib və önəmlidir. Bu barədə gələn yazılarımızda...)

Əziz dostlar!
Ümid edirəm ki, bu kiçik yazı sizə "Hepatit C" bəlasından qorunmaq, diqqətli olmaq üçün kiçik də olsa bilgi vermiş oldu.
Özünüzü qoruyun!