Daha bir qəsəbəyə su çəkildi

16 Yanvar 2017 15:28 (UTC+04:00)

AzNews.az “Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu” ASC-yə daxil olan müraciətlər əsasında Hacıqabul rayonunun içməli su problemindən əziyyət çəkən Navahı qəsəbəsində layihə icra edil'n və qəsəbədə yeni su təchizatı sistemləri yaradılıb.

Qəsəbəyə içməli suyun verilməsi mərasimində Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əslan Səmədov bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən danışıb, ölkə rəhbərliyinin şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərin də içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb .

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun müavini Ramin Sadıqov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən layihələr barədə məlumat vermiş və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb

Tədbirdə çıxış edən qəsəbə sakinləri içməli su probleminin həllinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Hacıqabul rayonunun Navahı qəsəbəsini içməli su ilə təmin etmək üçün mənbə olaraq Kür-Bakı su kəməri seçilib. Bu kəmərdən Navahı qəsəbəsinə müxtəlif diametrli polietilen borularla 2,4 km magistral su xətti çəkilib. Eyni zamanda qəsəbə daxilində 5 km yeni su şəbəkəsi yaradılıb, 300-ə yaxın ünvana birləşmə verilib. Bununla da 2300 nəfər əhalisi olan qəsəbənin içməli su təchizatı yaxşılaşdırılıb.