Səhiyyə Nazirliyi Bakıda ana ölümünün ilkin səbəbini açıqladı

16 Yanvar 2017 18:41 (UTC+04:00)

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova APA-ya bildirib ki, Qala qəsəbə sakini 37 yaşlı Şabanova Günay Vahab qızı vaxtı çatmış 39 həftəlik hamiləliklə, uşaqlıq qanaxması, ölü döl diaqnozu və 4-cü dərəcəli şokla qohumları tərəfindən Mərdəkandakı 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına gətirilib.

Onun sözlərinə görə, mərhum evdə çoxlu qan itirib: “Yanvarın 14-ü səhər saat 06.00 radələrində xəstə təxirəsalınmaz əməliyyata götürülüb. Lakin əməliyyatın gedişi zamanı, aparılan reanimasiya tədbirlərinə baxmayaraq 06.25-də xəstənin ürək fəaliyyəti dayanıb. Meyit təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xəzər rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılıb, nəticələri barədə yaxın vaxtlarda məlumat veriləcək”.

AzNews.az