“Ermənistan bütün sivil qaydaları pozaraq təşkilatçıları aldadıb” - XİN

19 Yanvar 2017 16:08 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib. Onun sözlərinə görə, sərginin açılışına bir gün qalmış Ermənistana aid hissədə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar təbliğat materialları qoyurlar:

“Bu da o deməkdir ki, Ermənistan tərəfi bütün sivil qaydaları pozaraq, təşkilatçıları da aldadaraq belə çirkin addımlar atır. Ona görə də bu tip sərgilərdə belə təxribatların qarşısını almaq çətin olur.”

Hikmət Hacıyev bildirib ki, məsələylə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birgə addımlar atır. Azərbaycanın İspaniyadakı səfirliyi də lazımı tədbirlər görür.

Xatırladaq ki, İspaniyanın Madrid şəhərində keçirilən ənənəvi “Fitur-2017” Beynəlxalq Turizm sərgisində Ermənistan qondarma Dağlıq Qarabağ rejiminin təbliğ edilməsi məqsədilə stend nümayiş etdirir.