“AzerRos”un qurultayında hansı qalmaqal yaşanıb?

28 Yanvar 2013 09:49 (UTC+04:00)
Ötən həftənin sonunda Moskvadakı "Prezident" otelində Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin ("AzərRos") V qurultayı keçirildi və qurumun yeni rəhbərliyi müəyyənləşdi. Modern.az saytına məlum olub ki, "AzerRos"un qurultayında ciddi qalmaqal yaşanıb.

"AzerRos"un Nijini-Novqorod bölməsinin yaydığı press-relizdə bildirilir ki, 80 nəfər nümayəndənin qatıldığı qurultay başlandıqdan sonra prezident Söyün Sadıqovun çıxışı zamanı irəli sürdüyü təkliflər qəfildən bir qrup nümayəndənin ciddi etirazı ilə qarşılanıb. Həmin qurultay iştirakçılarının əsas narazılığı yeni rəhbər kimi Asif Məhərrəmovun namizədliyi və qurumun müstəqilliyinin aqibəti ilə bağlı olub.

Bu etiraz qrupuna isə qurumun vitse-prezidenti Vidadi Abbasov və Qalib Ağayev rəhbərlik edib. Söyün Sadıqovun nizamnamə dəyişikilyi barədə təkliflərinə əksəriyyət tərəfindən etiraz edilib. "AzerRos"a rəhbər kimi Asif Məhərrəmovun namizədliyinə ciddi etiraz edən qurultay nümayəndələri onun muxtariyyət qurumları tərəfindən tanınmadığını və heç bir nufuzunun olmadığını əsas gətiriblər. Vitse-prezident Vidadi Abbasov prezident postuna "Azerrros"da daha ciddi nufuzu və xidmətləri olan Tahir Hacıyevin namizədliyini irəli sürüb.

Bundan sonra Söyün Sadıqov narazılığın yatırılması üçün qurultada fasilə elan etməyə məcbur olub. Böhranı aradan qaldırmaq üçün razılaşdırıcı komissiya rolunu öz üzərinə yeni seçilmiş Ağsaqqalar Şurası götürüb. Danışıqlar zamanı Abbas Abbasov "AzerRos"un müstəqilliyinin saxlanacağına təminat verib. O həmçinin, Asif Məhərrəmovun namizdliyinin dəstəklənməsini xahiş edib və vurğulayıb ki, "ona etibar etmək olar".
Bundan sonra razılıq əldə edilib və qurultay Məhərrəmovu dəstəkləyib.

Qurultayın yekunlarına görə. yeni Ağsaqqalar Şurası yaradılıb və Abbas Abbasov onun sədri seçilib. Bundan başqa İdarə Heyətinə Rüstəm İbrahimbəyov, Vidadi Abbasov, Qalib Ağayev, Tofiq Məlikov, Rüstəm Arifcanov, Ramiz Abutalıbov, Natiq Ağamirov, Şirvan Kərimov, Mehriban Sadıqova təsdiq olunub.

Asif Məhərrəmov qurumun prezidenti, Tahir Hacıyev isə "AzeRos"un Federal Şurasının katibi seçilib.

Qurultayı Rusiya hakimiyyətinin nümayəndləri də izləyib. Tədbirdə Rusiya Prezident Administrasiyasının nümayəndəsəi Andrey Rotmin, Rusiya prezidenti yanında milli məsələlər üzrə Şuraını üzvü Vladimir Zorin, Rusiya Xalqları Assambleyasının prezidenti Ramazan Abdullatibov, Qafqaz xalqları konqresinin prezidenti Aslanbek Paskaçev iştirak edib