Çin dilinin öyrənilməsi beyinə xüsusi şəkildə təsir göstərir - İngilis dilindən də yaxşı

21 Yanvar 2017 18:13 (UTC+04:00)

AZƏRTAC “Deccan Chronicle” nəşrinə istinadla xəbər verir ki, sən demə, Şimali Çin dilinin öyrənilməsi beyinə xüsusi şəkildə təsir göstərir.

Tədqiqatçılar Şimali Çin və ya ingilis dillərini öyrənən ümumən 180 uşağın iştirakı ilə iki eksperiment aparıblar. Uşaqlar səslərin yüksəkliyinin və tembrinin qavranılması xüsusiyyətlərini dəyərləndirmək üçün nəzərdə tutulan tapşırıqları yerinə yetiriblər. Mütəxəssislər səs tembrinin qavranılmasında əhəmiyyətli fərqlər aşkar etməyiblər. Amma diqqət yetiriblər ki, ingilis dilində danışan uşaqlar səslərin yüksəkliyini Şimali Çin dilində danışanlardan daha pis fərqləndiriblər.

Mütəxəssislər məsələyə aydınlıq gətirərək bildirirlər ki, Şimali Çin dili ahəngli dildir. Bu isə o deməkdir ki, bu dildə müxtəlif hecalar ahəngdən asılı olaraq müxtəlif mənalar kəsb edə bilər. Buna görə də Şimali Çin dilini öyrənən uşaqlar səsin ahənginin dəyişməsini dərhal tutmağı öyrənirlər. Görünür, musiqi səslərinin yüksəkliyini də məhz bunun sayəsində yaxşı fərqləndirirlər.