Danimarka xüsusi təyinatlı qrup göndərəcək - İŞİD-ə qarşı mübarizə aparmaq üçün

21 Yanvar 2017 18:24 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı yerli KİV-lər Danimarkanın xarici işlər naziri Anders Samuelsenin bəyanatına istinadla yayıblar.

Bu barədə qərar Danimarkanı İŞİD-ə qarşı mübarizə koalisiyasında öz iştirakını gücləndirməyə çağıran ABŞ-ın tələbinə cavab olaraq Krallığın parlamentində səsvermə yolu ilə qəbul edilib.

Parlamentin qərarına əsasən, Danimarka genişləndirilmiş hərbi mandat çərçivəsində 60 xüsusi təyinatlı hərbi qulluqçudan ibarət qrupu, həmçinin ABŞ-ın təyyarədaşıyan gəmilərini müşayiət edəcək “Peter Willemoes” gəmisini İraq və Suriya regionuna göndərəcək. Qoşunların hərbi əməliyyatlar zonasına göndərilməsinin dəqiq vaxtı açıqlanmır.

Anders Samuelsen jurnalistlərə müsahibəsində bildirib ki, Danimarka hərbçiləri bilavasitə İraqla sərhədin yaxınlığında xidmət edəcəklər. A. Samuelsen əlavə edib ki, parlament əksəriyyətinin bu qərarı dəstəkləməsi onu sevindirir.

Yerli jurnalistlərin fikrincə, digər NATO ölkələri kimi, Danimarka da ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın təzyiqi altındadır. D.Tramp alyansın iştirakçıları olan ölkələrdən İŞİD-ə qarşı mübarizə üzrə beynəlxalq koalisiyaya daha sanballı töhfə verməyi tələb edir. Danimarka bu koalisiyaya 2014-cü ilin oktyabrında qoşulub.

Qeyd edək ki, Danimarka 2016-cı ilin aprelində İraqa 120 hərbi qulluqçu göndərib. Hazırda Bağdad yaxınlığındakı Əl-Əsəd aviasiya bazasında yerləşən qrup İraq əsgərlərinə və kürd silahlılarına təlimlər keçir. O zaman Danimarka hökuməti ölkənin hərbi qulluqçularının Suriyada xidmət etməsi ilə bağlı parlamentlə siyasi razılaşma əldə edə bilməmişdi. Ancaq bu dəfə Danimarka parlamenti həmin ideyanı dəstəklədi.

AzNews.az