“İpoteka haqqında” qanunlara dəyişiklər ediləcək

28 Yanvar 2013 11:16 (UTC+04:00)
Azərbaycan parlamentinin 2013-cü il yaz sessiyası üçün qanunvericilik işlər planı hazırlanıb və bura təxminən 14 müxtəlif məsələ daxil edilib. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Onun sözlərinə görə, 14 məsələnin qanunvericilik planına daxil edilməsi o demək deyil ki, işlər planı ancaq bu məsələlərdən ibarətdir: "Qanunvericilik təşəbbüsü qaydasında bir sıra qanunlar da Milli Məclisə daxil olur ki, onlar əvvəlcə komitələrdə müzakirə olunur və sonra plenar iclasa tövsiyə olunur. Onlar da bura daxildir".

A.Təvəkküloğlu Milli Məclisin fevralın 1-də keçiriləcək yaz sessiyasının ilk plenar iclasının gündəliyini də açıqlayıb. Bura 12 məsələnin daxil olduğunu deyə A.Təvəkküloğlu bildirib ki, bu, bir sıra qanun və sazişlərdən ibarətdir: "Bura Milli Məclisin İntizam Komissiyasının, Hesablayıcı Komissiyanın yenidən təşkil edilməsi, Milli Məclisin 2013-cü il yaz sessiyası üçün qanunvericilik işlər planı, bir neçə saziş, Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyanın əlavə protokoluna qoşulmaq haqqında" qanun, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısı haqqında" və "İpoteka haqqında" qanunlara dəyişiklər daxildir".