İsmayıllıdan çıxan dərslər

28 Yanvar 2013 11:28 (UTC+04:00)

Elxan Şahinoğlu

İsmayıllıda baş verən olaylar cəmiyyəti silkələdi. İlk baxışdan adi məişət
zəminində baş verən toqquşma kütləvi iğtişaşa yol açdı. Bir neçə nəfərin
davasından yaranan olay Azərbaycanın baş xəbərinə çevrildi. Bu haqda
dünyanın nüfuzlu qəzetləri yazdı.

Sakit rayonun insanlarını küçəyə axışmağa vadar edən səbəb nə idi?
Gənclər nədən narazıydılar? Bunlar qədər bir başqa önəmli sual da var:
Bu iğtişaşa nədən sevinənlər tapıldı?

Ötən il Qubada iğtişaş baş verdikdə narazı insanlar icra hakiminin evini
və mülkünü yandırdılar. İsmayıllıda da hadisələr təxminən eyni ssenari
ilə cərəyan etdi. Yenə icra hakiminin evinə hücum oldu, mülkü və bahalı
maşınları yandırıldı. Demək, hər iki narazılığın oxşar cəhətləri var ki,
insanlar narazılıqlarını bu şəkildə ifadə edirlər. Bu səbəbdən hər iki
hadisə və onlar arasındakı bağlılığı diqqətlə öyrənməli və belə halların
təkrarlanmaması üçün mühüm dərslər çıxarılmalıdır.

Birinci dərs. Bölgələrdəki insanlar yaşadıqları rayonların idarəetməsinə
cəlb edilməlidirlər. Yəni bölgədə çatışmazlıq və ya müxtəlif sosial
problemlər varsa, onu həlli yollarına həmin rayonun vətəndaşları da
cəlb olunmalıdırlar. İnsanların idarəetməyə cəlbi isə yalnız bələdiyyələr
səviyyəsində mümkündür. Təəssüf ki, Azərbaycanda bələdiyyələr
faktiki icra hakimiyyətlərinin əlavəsinə çevriliblər, büdcələri də
kasaddır. Bələdiyyə sədrlərinin işi isə torpaq alqı-satqısından ibarətdir.
Demokratik və idarəetmənin güclü, şəffaf olduğu ölkələrdə bələdiyyələr
potensiallarını fəaliyyətləri ilə sübut edirlər. Avropa ölkələri və qonşu
Türkiyə buna əyani sübutdur. Biz də bu sistemə keçməliyik. Ancaq
bu sistemin Azərbaycan işlək formaya gətirilməsi üçün bələdiyyələr
haqqında qanunda ciddi dəyişikliklərə ehtiyac var. Başqa sözlə
bələdiyyələrin funksiyaları artırılmalıdır. Bələdiyyələrə keçirilən
seçkilər də demokratik və şəffaf olmalıdır ki, bütün təbəqələrin
təmsilçiləri bölgələrinin idarəedilməsində kifayət qədər rol ala bilsinlər.

İkinci dərs. Bölgələrdə torpaq satışına diqqət yetirilməlidir. Əlbəttə,
hər bir Azərbaycan vətəndaşı istənilən yerdə torpaq və ev ala bilər.
Ancaq bu alqı-satqı zamanı yerli xüsusiyyətlər də nəzərə alınmalı,
ədalət prinsipi pozulmamalıdır. Quba hadisələri zamanı yerli əhalini
qıcıqlandıran səbəblərdən biri də bəzi varlı adamların evlərinin kəndə
gedən su arxlarının qarşısını almalarıydı. Ya da elə öz müşahidələrimdən
çıxış edərək, məşhur Qəçrəş kəndinə gedən yolda yolboyu 2 metrlik
hasarların çəkilməsini göstərə bilərəm. Yerli və kasıb insanları bu
hündür hasarlar da qıcıqlandırır. İsmayıllı olayları zamanı da ən böyük
narahatlıq bu kimi hallarla bağlı idi. Yəni varlı insanlar İsmayıllı
rayonu ərazisində hektarlarla torpaq sahələri alır, böyük hasarlar tikir
və sonra da bəziləri yandırılan "Çıraq" otelinin sahibləri kimi pulları ilə
ətrafdakıları qıcıqlandırırlar.

Üçüncü dərs. Quba və İsmayıllı olaylarında xarici iz axtarmaqdan
uzağam. Ancaq hazırda Azərbaycanın iki qonşusu – Rusiya və İranla
münasibətlərinin gərgin olduğu da nəzərə almalıyıq. Hər iki dövlətin
siyasi və hərbi dairələri Azərbaycanı zəiflətmək üçün fürsət axtarırlar.
Moskva və Tehranın Azərbaycanda baş verən son toqquşmalarda birbaşa
rolları olmasa da, hər ikisinin iğtişaşların davamlı şəkil almasında ciddi
maraqları ola bilər. Önəmli olan xarici qüvvələrə bu kimi fürsətlərin
verilməməsidir. Bunun üçün isə birinci növbədə yuxarıdakı iki dərsdən
ciddi nəticə çıxarmalıyıq.

Müasir dünyada hər bir dövlətin təhlükəsizliyi fərdlərin
təhlükəsizliyindən keçir. Əgər vətəndaş özünü məmləkətində təhlükəsiz
hiss edirsə (müxalifət lideri ölkəsinin istənilən bölgəsinə rahat səfər edib
tərəfdarlarıyla görüşə bilirsə), gələcəyi üçün ümidlidirsə, sosial rifahı
təmin olunubsa, ədalətsizlikdən sığortalanıbsa, demək o öz dövlətinin
təhlükəsizliyinə də canla başla qulluq edəcək. Əks halda, Quba və
İsmayıllı olaylarının təkrarlanması ehtimalı azalmır...