İranda 11 jurnalist tutulub

28 Yanvar 2013 12:15 (UTC+04:00)
İranda islahat tərəfdarı olan 11 jurnalist tutulub. Jurnalistlərin 9-u yanvarın 27-də, 2-si yanvarın 26-da saxlanıb.

"Media forum" saytının məlumatına görə, İran kəşfiyyat nazirliyinin (ETTELAAT) əməkdaşları yanvarın 27-də "Etimad", "Bahar", Şərq", "Arman" qəzetlərinin, "Asiman" həftəlik nəşrinin, eləcə də "İlna" xəbər agentliyinin redaksiyalarına qəfil hücuma keçərək yoxlama aparmağa başlayıblar. Yoxlamalardan sonra həmin redaksiyalarda işləyən 9 jurnalist (Əli Əkbər Müntəcəbi, Cavad Dəliri, Sasan Ağayi, Nəsrin Təxəyyüri, Mütəhhirə Şəfiyi, Nərgiz Cudəki, Emili Əmrai, Puriya Aləmi və Pejman Musəvi) tutularaq bilinməz istiqamətə aparılıb. Jurnalistlərin kompüterləri, CD-ləri, əlyazmaları və bir sıra şəxsi əşyaları götürülüb.

ETTELAAT əməkdaşları yanvarın 26-da tutduğu jurnalistlər isə Süleyman Məhəmmədi və Milad Fədaidir.

Jurnalistlərin konkret nədə günahlandırıldığı bilinməsə də, İranın hakimiyyət tərəfdarı mediası tutulanların xarici ölkələrdə fəaliyyət göstərən "əks-inqilabçı" media və telekanallarla əməkdaşlıqda günahlandırıldığını bildirirlər.

Tutulan jurnalistlər son günlər silahlı oğurluqda günahlandırılaraq ölümə məhkum edilmiş iki gəncin dar ağacından asılmasını, bir gəncin isə dörd barmağının kəsilməsi xəbərini, xəbərə yazılan tənqidi şərhləri geniş işıqlandırmışdılar. Jurnalistlər həmçinin tutulmazdan az əvvəl Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncani ilə görüşərək ondan qarşıdan gələn prezident seçkisində namizədliyini irəli sürməsini istəmişdilər