“Azərbaycanlı əsgərin meyitinin qaytarılması bir jest olardı” - Avropa Şurasının baş katibi

24 Yanvar 2017 20:38 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynovun ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində iki azərbaycanlı - Dilgəm Əsgərov və Şahbaz Quliyevi tutaraq girov saxlamaları haqda sualına münasibət bildirən Tyorbörn Yaqland ermənilərin saxladıqları iki azərbaycanlının Azərbaycana qaytarılmasının əlamətdar bir jest ola biləcəyini deyib:

“İki azərbaycanlının ermənilər tərəfindən saxlanılması məsələsinə gəldikdə, mən bu məsələni, səhv etmirəmsə iki il əvvəl Ermənistan prezidenti ilə görüşümdə qaldırmışdım. Bundan əlavə, 29 dekabrda tərəflər arasında baş vermiş atəşkəsin pozulması nəticəsində qətlə yetirilmiş azərbaycanlı əsgərin meyitinin qaytarılması məsələsini qaldırmışam. Bu məsələlərdə biz həmişə xalqların, insanların narahatçılığını əsas götürməliyik.

Əlbəttə ki, biz bu münaqişənin sülh yolu ilə həlli yollarını axtaran Minsk prosesinin iştirakçısı deyilik, sülhün bərqərar etmək səlahiyyətində olan təşkilat deyilik. Amma münaqişələrin humanitar tərəflərinə gəldikdə, biz hər zaman öz töhfəmizi verməyə hazırıq. Tərəflər arasında aparılan danışıqlarda onların Azərbaycana təhvil verilməsi əlamətdar bir jest olardı. Münaqişələr məsələsində tərəflər arasındakı gərginliyin azaldılması naminə hər zaman humanitar jestlərə tərəf irəliləmək lazımdır”, - deyə Tyorbörn Yaqland qeyd edib.