“Milyarderlər İttifaqı“nın üzvü Dağıstanın prezidenti oldu

28 Yanvar 2013 12:33 (UTC+04:00)



Rusiya Dövlət Dumasının deputatı, Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) Koordinasiya Şurasının üzvü Ramazan Abdullatipov Dağıstanın prezidenti vəzifəsini icra edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Ramazan Abdullatipov "Kavkazpolitika" saytına bildirib. O, artıq Rusiya prezidenti Vladimir Putinin müvafiq əmr imzaladığını da söyləyib.

R. Abdullatipov bu ay ərzində bir neçə dəfə V. Putinlə görüşdüyünü bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti Dağıstanda vəziyyətin stabilləşməsində maraqlıdır: "Putin mənim dövlət xadimi təcrübəmdən istifadə edəcəyimi ümid etdiyini söylədi. Mən Dağıstanı çox yaxşı tanıyıram. Bu gün bu regionda əsas məsələ xalqın dövlətə inamını geri qaytarmaqdır. Bunun üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, Ramazan Abdullatipov milliyyətcə avardır. O, Rusiyanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri, ölkənin millətlərlə iş üzrə naziri vəzifələrində çalışıb. Bundan başqa Dağıstan Respublikasından dörd dəfə Rusiya Dövlət Dumasına deputat seçilib.

Xatırladaq ki, Kreml hələlik bu təyinatla bağlı məlumat yaymayıb. Dağıstanın prezidenti Maqomedsalam Maqomedovun istefaya göndərilməsi ilə bağlı da heç bir əmr yoxdur.

AzNews.az