“Robert Prosineçki ilə danışıqları dayandırdıq”

25 Yanvar 2017 17:05 (UTC+04:00)

Bu barədə "Report"a Bakıda xorvatiyalı mütəxəssislə danışıqlar aparmaq üçün səfərdə olan klubun futbol şöbəsinin müdiri Yüksel Çolak açıqlama verib.

O bildirib ki, R.Prosineçki AFFA ilə 2017-ci ilin sonunadək müqaviləsinin və anlaşmada təzminat maddəsinin olduğunu əsas gətirərək, təklifi qəbul etməyib. Y.Çolak danışıqların uzanma səbəbinə də aydınlıq gətirib: "Biz Prosineçkinin özü ilə yox, meneceri ilə görüşdük. Meneceri də təklifi baş məşqçi ilə müzakirə edəcəyini bildirdi. Buna görə cavab alanadək gözləməli olduq. Bizə dedilər ki, Prosineçkinin müqaviləsində yüksək təzminat maddəsi var. Bu da bizim üçün uyğun olmadığı üçün danışıqları dayandırdıq".

"Bursaspor" rəsmisi artıq xorvatiyalı mütəxəssislə danışıqları tamamladıqlarını və yaxın vaxtlarda yenidən bu mövzuya qayıtmayacaqlarını da vurğulayıb. O, Azərbaycan klublarından hər hansı futbolçu ilə maraqlandıqlarına dair xəbərləri də təkzib edib: "Azərbaycanda futbol son illər inkişaf edir. Milli və klub futbolu səviyyəsindəki uğurlarınız bizləri də sevindirir. Milli komandanızın futbolçusu Dəniz Yılmazın "Bursaspor"dakı çıxışından məmnunuq. Amma Bakıda olduğumuz müddətdə heç bir futbolçunuzla danışıqlar aparmamışıq və onlardan hansınısa özümüzlə aparmayacağıq".

Qeyd edək ki, "Bursaspor" bir neçə gün öncə Hamza Hamzaoğlunu baş məşqi postunda istefaya göndərib.

AzNews.az