DİN-də “budama əməliyyatı“: neçə nəfər cəzalanıb?

28 Yanvar 2013 13:16 (UTC+04:00)



Ötən il Azərbaycanın daxili işlər orqanlarında korrupsiya hüquqpozmaları ilə bağlı şəxsi heyət arasında aşkarlanmış 54 fakt üzrə intizam məsuliyyətinə cəlb olunub, 81 əməkdaşdan 51-i xidmətdən xaric edilib, 24-ü tutduğu vəzifədən azad olunub, 6-sı barədə digər intizam tənbehləri tətbiq edilib.

Bunu Daxili İşlər Nazirliyində bu gün keçirilən Kollegiya iclasında nazir Ramil Usubov bildirib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir qeyd edib ki, 2012-ci ildə nazirlik tərəfindən orqan və hissələrdə qanunçuluğun qorunması, o cümlədən insan hüquq və azadlıqlarına ciddi riayət olunması, bu sahədə işin təşkilində mühüm rolu olan Milli Fəaliyyət Planının aidiyyəti müddəalarının icrası gündəlik nəzarətdə saxlanılıb. Müvafiq məsələlərlə bağlı daxil olan şikayətlər hərtərəfli və obyektiv araşdırılıb, təsdiqlənmiş faktlar üzrə vətəndaşların pozulmuş hüquqlarının bərpası təmin edilib: "Daxili nəzarət qaydasında həyata keçirilən davamlı tədbirlərlə vətəndaşlarla kobud rəftara görə 70, sürücülərin hüquqlarının pozulması ilə bağlı 45 fakt aşkarlanıb və 255 əməkdaş barəsində ciddi intizam tədbirləri görülüb, nəticədə polis əməkdaşlarından şikayətlərin sayı 26 faiz azalıb".

AzNews.az